Azərbaycan Respublikasının Ali Məhkəməsi daha bir əhəmiyyətli qərar qəbul edib.
Banker.az-a bu barədə Ali Məhkəmədən məlumat verilir.
İşin hallarına görə, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı həmin qərardan narazı qalmış vətəndaşın şikayəti əsasında ləğv edilsə də, sonradan həmin material üzrə hər hansı qərar qəbul edilmədiyindən inzibati məhkəmədə qərarın qəbul edilməsinə dair iddia qaldırılıb.
İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Qanunun qeyd edilən normasının tələbləri rəhbər tutularaq iddia birinci instansiya məhkəməsi tərəfindən mümkün sayılmamış, qərardaddan iddiaçının verdiyi apelyasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməyib.
İddiaçı Qanunun tələbinin aydın ifadə edildiyi və məhkəmə qərardadında istinad edilən normasından irəli gələn qərardaddan kassasiya şikayəti vermək və dövlət hesabına vəkillə təmin olunmaq üçün apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət etmiş və müraciətinə adına əmək müqaviləsinin qeydə alınmadığına dair sübut əlavə edib. Dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçının ərizəsini şikayət hüququndan sui-istifadə etmə kimi qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi ərizəni təmin etməyib.
İddiaçı dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsinin təmin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərardadından qərardadın əsaslandırılmadığına istinad edərək vəkilsiz kassasiya şikayəti verib.
Ali Məhkəmənin İnzibati kollegiyasının işə baxan məhkəmə tərkibi qeyd edib ki, şəxsin məhkəməyə şikayət etmək hüququ müstəsna hallarda məhdudlaşdırıla bilər və bunlardan biri də şəxsin şikayət hüququndan sui-istifadə etməsidir. Şikayət hüququndan sui-istifadə edilən hallar müxtəlif ola bilər, o cümlədən, usandırıcı (ciddi hüquqi əsası olmayan şikayətlər, əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq etmək məqsədi ilə və ya bir işin həllini və ya məhkəmə qərarının icrasını lüzumsuz dərəcədə gecikdirmək məqsədilə edilən), açıq-aydın əsaslandırılmamış, şikayət hüququnun məqsədlərinə aşkar zidd olan (tərəfin məhkəmədən ədalət axtarışı xaricində, fərqli məqsədlə istifadə etməsi), daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar-təkrar məhkəməyə təqdim edilməsi və buna bənzər digər hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər. Müvafiq olaraq, şikayətçinin məhkəmənin lazımınca fəaliyyət göstərməsinə və qarşısında qaldırılmış icraatları lazımi qaydada həyata keçirməsinə əngəl törədən hər hansı davranışı şikayət hüququndan sui-istifadədir. Eləcə də, məhkəməni aldatmaq məqsədilə bilərəkdən həqiqi olmayan faktlarla əsaslandırılan şikayətin təqdim edilməsi, məhkəməyə göndərilən sənədlərin saxtalaşdırılması, şikayətçinin işin araşdırılması üçün əhəmiyyətli amil haqqında məhkəməni əvvəlcədən məlumatlandırmaması halında hərəkətsizlik və şikayətçinin Məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etməsi şikayət hüququndan sui-istifadə sayılır.
Şikayət hüququndan sui-istifadənin qarşısının alınmasının məqsədi məhkəmə sisteminin bütövlüyünü və effektivliyini qorumaq, məhkəmə resurslarının ədalətli və məntiqli şəkildə istifadə edilməsini təmin etmək, məhkəmə resurslarının əsassız şəkildə israf etməmək və eləcə də, qarşı tərəfi əsassız narahat etməməkdir. Sui-istifadə məhkəmə sisteminin effektivliyi və ədaləti üzərində ictimai etimadı azalda bilər, məhkəmə sisteminin yalnış məqsədlər üçün manipulyasiya edilə biləcəyi təəssüratını yarada bilər. Ona görə də, şikayət hüququndan sui-istifadəyə qarşı mübarizə aparmaq üçün məhkəmələr şikayət hüququndan sui-istifadə edildiyi üçün şikayətin mümkün sayılmaması haqqında qərardad çıxara və ya bu hüquqdan sui-istifadə edən tərəflərə qarşı xəbərdarlıq və cərimələr barədə qərarlar çıxara bilər.
Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, şikayətçi açıq-aşkar əsassız, daha əvvəl verdiyi mümkün sayılmamış şikayətlərə və ərizələrə bənzər olanlarını təkrar-təkrar məhkəməyə təqdim etməklə şikayət hüququndan sui-istifadə edib. Məhkəmə kollegiyası müəyyən edib ki, iddiaçı uzun müddətdir ki, məhkəmələrdə iddialar qaldırır. Məhz hazırkı iddiaçının qaldırdığı eyni və oxşar mübahisələr ilə bağlı olan onlarla iddia tələbi üzrə apellyasiya instansiya məhkəməsinin iddianın mümkün hesab edilməməsi barədə qərardadlarından şikayətlərə baxılaraq hamısı qüvvədə saxlanılıb, həmin qərardadlardan kassasiya şikayətlərinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçının ərizələri təmin edilməyib.
Beləliklə, iddiaçının eyni və oxşar mübahisələr ilə bağlı davamlı olaraq qaldırdığı çox sayda əsassız, mümkünsüzlüyü əvvəlcədən aşkar olan iddialar irəli sürməsi, hər dəfə kassasiya şikayəti verilməsi üçün işsiz kimi qeydiyyatda olduğuna, aktiv əmək müqaviləsinin olmadığına dair rəsmi məlumatlara istinadla dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizələrlə müraciət etməklə iddiaçı prosessual qanunla ona verilmiş şikayət hüququndan sui-istifadə edib.
Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilib ki, məhkəmənin iddiaçının şikayət hüququndan sui-istifadə etməsini təsbit etməsi iddiaçının şikayət hüququndan məhrum edilməsi kimi başa düşülməməlidir. Belə ki, onun hər hansı əsaslandırılmış və mümkün sayılan şikayəti olarsa kassasiya icraatı qaydasında mahiyyəti üzrə baxılacaq. Amma iddiaçı şikayət hüququndan sui-istifadə etməyə davam edərsə, məhkəmə iddiaçıya qarşı adekvat tədbirlər görə bilər. Məhkəməyə qarşı hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.
Yuxarıda göstərilənlərə əsasən, Ali Məhkəmənin İnzibati kollegiyasının qərarı ilə kassasiya şikayəti mümkün sayılmayıb, şikayətin qəbulundan imtina edilib.