Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb.
Bu barədə Banker.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə 10 iyul 2025-ci il tarixinədək DİM-in müvafiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.
Şəxsi kabineti olanlar qeydiyyat sisteminə daxil olarkən təyin etdikləri parol qısa və zəifdirsə, müasir təhlükəsizlik tələblərinə cavab vermirsə, sistem avtomatik olaraq onu yeniləməyi tələb edəcək. Qeydiyyat sisteminə daxil olarkən parolun dəyişdirilməsi ilə bağlı belə bildiriş aldıqda orada verilən tələblərə əsasən parolunuzu yeniləməlisiniz. Qeyd edək ki, parolunuz 12 – 20 simvol uzunluğunda (ən az bir rəqəm, bir latın hərfi və “”!@#$&_”” kimi xüsusi simvoldan ibarət) olmalıdır. Şəxsi kabinetinizin istifadəçi adı və parolu məxfi saxlanılmalı və kənar şəxslərlə paylaşılmamalıdır.
Sistemə daxil olarkən subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat bazasından avtomatik əldə olunur.