9 C
Baku
Sunday, November 17, 2024

“Alibaba”nın rüblük xalis mənfəəti 86% azalıb

Çin onlayn pərakəndə satış şirkəti Alibaba” martın 31-də başa çatan 2024-cü ilin dördüncü rübü və tam maliyyə ilinin nəticələrini açıqlayıb. Şirkətin son rübdə xalis mənfəəti 2023-cü maliyyə ilinin son rübündən 86% azalaraq 3.3 milyard yuan (453 milyon dollar) təşkil edib.

Ümumi rüblük gəlir cəmi 7% artaraq 221.8 milyard yuana (30.7 milyard dollar) çatıb. Bununla belə, zəif nəticələrə baxmayaraq, ilin sonunda şirkət bütün 2024-cü maliyyə ili üçün cüzi artım göstərə bilib. Gəlir 941.2 milyard yuan (130.4 milyard dollar) təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 8% çoxdur. Mənfəət 10% artaraq 79.7 milyarda (11 milyard dollar) çatıb.

Şirkət nəticələrini bəzi ictimai şirkətlərə yatırılan investisiyalardan itkilərlə və biznesinin davam edən transformasiyası ilə əlaqələndirərək, artıq ilk müsbət nəticələrini gördüyünü qeyd edib. Bundan əlavə, ekspertlər qeyd edirlər ki, “Alibaba”nın fəaliyyətinə ÇXR iqtisadiyyatının ləng bərpası və ölkədə istehlak xərclərinin zəif dinamikası təsir edib. Eyni zamanda, “Alibaba” böyük potensial gördüyü süni intellekt və bulud texnologiyalarına investisiyaları artıracağını vəd edib.

Hesabatın dərcindən sonra “Alibaba”nın kotirovkaları 7% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər