Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün portal (https://new.e-taxes.gov.az/eportal/az/login/) istifadəyə verilib.
Banker.az xəbər verir ki, bu barədə Millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib.
Qeyd edək ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış əmlaka görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası müəyyənləşdirilib.
ƏDV nə zaman geri qaytarılacaq?
ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyr-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur. Qeyd edək ki, hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsi ilə həyata keçirilir. Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsinə bonus olaraq ona geri qaytarılacaq.
Kreditlə alınan əmlaka görə ƏDV geri qaytarılacaqmı?
ƏDV-nin geri qaytarılması əmlakın dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Əmlakın alınması üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.
Bir neçə əmlak alınanda ƏDV necə geri qaytarılacaq?
Qaydalara əsasən, alıcı eyni binadan bir və ya bir neçə əmlak aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı əmlak sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən, bir kvadratmetrinin satış qiyməti daha yüksək olan əmlak sahəsi əsas götürülür. Yəni, vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alıb. Qiymətlər fərqli olduğundan ödənilən ƏDV məbləği də dəyişir. Məsələn, bir mənzil üzrə ƏDV məbləği 50 min, digəri üzrə 55, sonuncu üzrə 60 min manat olub. Bu zaman ƏDV ödənilməsi 60 min manata əsasən həyata keçiriləcək.
Əmlakın sahəsi 500 kvadratmetrdən çoxdursa ƏDV necə geri qaytarılacaq?
Mütənasib ödənilmiş ƏDV-ə hesablanmanın mahiyyəti ondan ibarətdir ki, əgər vətəndaşın aldığı əmlakın sahəsi 600 kvadratmetrdirsə, o zaman onun 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır. Bu zaman alınan əmlakın 1 kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır. Məsələn, 600 min kvadratmetr sahəsi olan əmlaka 900 min manat ödənilibsə bu o deməkdir ki, əmlakın 1 kvadratmetrinin qiyməti 1500 manatdır. Bu zaman 750 min manatlıq hissəsinin ƏDV-si hesablanır (18 faiz) və həmin məbləğin 30 faizi alıcıya qaytarılır.
Hansı müddətdə ƏDV geri qaytarılacaq?
Əmlakın alınmasına görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində qaytarılacaq.
Hansı halda ƏDV geri qaytarılmayacaq?
Təkrar bazardan əmlak alan zaman ƏDV ödənişi olmadıqda vəsaitin geri qaytarılması həyata keçirilməyəcək. ƏDV o zaman geri qaytarılır ki, həmin alqı-satqıda ƏDV ödənişi həyata keçirilsin.