Linkoln universitetinin psixoloqlarının həyata keçirdiyi araşdırmaya əsasən, iPhone və yaxud Android əməliyyat sistemi arasında seçim etmək cihaz sahibinin xarakteri haqqında bəzi məlumatlar verir. Bu araşdırmanın nəticəsi 1 sentyabrda Kardifdə Britaniya psixoloji cəmiyyətinin illik konfransında təqdim edilib.
Alimlər iOS və Android istifadəçilərinin hansı şəxsi keyfiyyətlərə sahib olduqlarını araşdırmaq üçün iki araşdırma həyata keçirib. Psixoloqlar birinci araşdırmada 240 iştirakçıdan xarakteristikaların qeyd olunduğu xüsusi sorğu vərəqini doldurmalarını tələb edirlər. Bu zaman sorğu iştirakçılarından onların fikrincə bu və ya digər marka smartfon sahiblərinin hansı xarakter nümunələrinə sahib olduqlarını seçmək tələb olunurdu.
Mütəxəssislər araşdırmanın ikinci hissəsində isə bu stereotiplərin 530 Android və iOS istifadəçisinin real şəxsi keyfiyyətlərinə uyğunluğunu araşdırıb.
Birinci araşdırmanın nəticələri göstərir ki, Android istifadəçiləri daha səmimi, dürüst, yolagələn, həmçinin iPhone istifadəçilərindən fərqli olaraq daha ünsiyyətcil hesab olunurlar. İkinci araşdırmanın nəticələri isə göstərir ki, stereotiplərin əksəriyyəti özünü doğrultmadı.
Lakin belə məlum olur ki, Android istifadəçiləri öz əşyalarının başqa şəxslərin əşyaları ilə eyni və yaxud oxşar olması halından qaçmağa çalışırlar. iPhone istifadəçilərində isə bu belə deyil. Həmçinin iPhone istifadəçiləri yüksək statusa malik telefonun olmasını vacib amil hesab etmişlər.
Araşdırmanın əsas müəllifi Heter Şou bildirmişdir: “Zamanla bu fakt daha aydın olur ki, smartfon öz sahibinin rəqəmsal mini versiyasına çevrilir. İndi insanların öz smartfonlarına yüklədikləri tətbiqetmələrin onların xarakter xüsusiyyətləri ilə nə dərəcədə bağlı olduğunu araşdırmaq maraqlıdır”.