AMFK ifrazına görə cavabdeh olan genlər çatışmadıqda əzələlər uzun müddət ərzində hərəkət edə bilmir. Məsələn, belə əzələlər qaçmağı nə xoşlamır, nə də ki, bacarmır.
Bir neçə il bundan öncə məşhur ispan bioloqu Con Medina özünün böyük səs-küyə səbəb olmuş “Gen və yeddi bağışlanmaz günah” kitabında tənbəlliyin bioloji nöqteyi nəzərdən izahının əsasını qoymuşdur. Onun fikrincə, hər bir insanda “zəngli saat” mexanizminə oxşar şüur mövcuddur, bu mexanizm saat kimi işləyir və bizə beyindən siqnallar göndərir. Məhz bu daxili “zəngli saat” bizim orqanizmimizin fəaliyyətini tənzimləmək üçün sanki gündəlik bir cədvəl qurur. Bizim orqanizm bu cədvəl əsasında yaşayır. Bu “zəngi” işə salan və onu söndürən proqramın özü isə bizim genlərdə yazılıb. Ona görə də bizim tənbəlliyə, əyləncələrə və ya qəmlənməyə meyilli olmağımıza görə məhz bizim genlər məsuliyyət daşıyır. Bəs tənbəlliyə görə məsuliyyət daşıyan genlər insanın nəyinə lazımdır? Ola bilsin ki, bunun əsas səbəbi enerjiyə qənaət etməklə bağlıdır. Amerikalı mütəxəssislər aparılmış bir sıra tədqiqatlardan sonra belə bir nəticəyə gəlmişlər. Tədqiqatın təfərrüatları barədə Proceedings of the National Academy of Sciences jurnalında dərc olunur.
Onların sözlərinə əsasən, beyin hüceyrələri enerji çatışmazlığı müşahidə olunanda «enerjiyə qənaət» rejiminə keçir –bunu həyata keçirən «kimyəvi dəyişdirici açar» rolunda əzələ hüceyrələrində də mövcud olan birləşmələr çıxış edir. Beyinə daima lazım olan bu enerjinin əhəmiyyətli dərəcədə bir hissəsi potensial hərəkətlərin yaranmasına sərf olunur- çox da böyük olmayan elektrik boşalmaları sinir siqnalının ötürülməsi prosesində bütün hüceyrə membranı boyu keçərək oyanma dalğalarına səbəb olur. Adətən qan dövranı beyini oksigen və qlükoza ilə təchiz edir ki, bu da ona lazım olacaq qədər enerji istehsal etməyə imkan verir. Lakin bəzi hallarda beyin damarlarının daralması və ya tıxanması onun normal enerji resursları ilə təmin olunmasına əngəl olur – nanonewsnet.ru da qeyd olunur.
Edinburq universitetindən olan Mark Evans və onun həmkarları beyinin özünü enerji çatışmazlığından hansı mexanizmin vasitəsi ilə qorumasını -yəni beyin enerjiyə qənaət rejiminə keçməsini hərtərəfli, xırdalıqlarına qədər təhlil ediblər. Belə bəlli olmuşdur ki, bu rejim zamanı beyin impulslarının tezliyi azalır və AMFK fermenti ifraz olunmağa başlayır. Bu ferment həddindən artıq yükləmələr zamanı əsasən əzələlərin, həmçinin də orqanizmin digər toxumalarının hüceyrələrinin enerji balansını tənzimləməyə kömək edir.
– Bizim nəticələr göstərir ki, əgər beyin hüceyrələrinə enerji çatışmazsa, onlar daha asta işləməyə başlayır. Amma heç işləməməkdənsə, asta da olsa işləmək daha yaxşıdır – deyə, aparılmış araşdırmanın həmmüəllifi Lids Universitetindən olan Chris Peers vuğulayır.
Onların bu tədqiqatları insult təhlükəsi ilə həddindən artıq ciddi şəkildə üz-üzə dayanan xəstələrə dərman hazırlamağa kömək edə bilər: AMFK-nın ifrazına stimul verən dərman preparatları hələ bu gün də mövcuddur. Ola bilsin ki, bu dərmanlar və ya bunların əsasında hazırlanmış digər preparatlar gələcəkdə insultun qarşısını almaq üçün də istifadə oluna biləcək.
Alimlər qrupu müəyyən etmişdir ki, AMFK-nın sintezinə görə cavabdehlik daşıyan genlərin olmaması, əzələləri tənbəl edir, bu əzələlər qaçmağı xoşlamır, nə də ki bacarmır.
Yeri gəlmişkən bəzi alimlər hesab edir ki, tənbəllik etməsən uzun müddət bu həyatda tab gətirə bilməzsən. Arada bir özünə istirahət vermək, sadəcə orqanizmin nazı ilə oynamaq, tənbəllik etmək mütləqdir (olduqca vacibdir). «Bu boşalmış batareyaları yenidən doldurmağa bərabərdir». Biz hamımız elə anları xatırlayırıq ki, ən məhsuldar möhtəşəm ideyalar və ya çıxış yolları bizim ağlımıza məhz o zaman gəlib ki, biz onların tapılmasından tam əlimizi üzmüşük və onların axtarışı istiqamətində olan bütün gərgin əməyi dayandırmışıq.
Bundan əlavə, alman alimi Piter Akstın sosioloji tədqiqatları göstərmişdir ki, işsiz dayanmağı xoşlayan və tənbəl adamlar daha çox yaşayır və həqiqətən istəyəndə digərlərindən daha yaxşı işləyə bilir. Onlardan bəziləri hətta sonralar dahilərə də çevrilir.
Həqiqətən də işsiz dayana bilən insanlar həyatda daha çox şeyə nail olurlar- psixologiya elmləri namizədi Aleksey Mironov hesab edir. İlya Murometsi xatırlayın. O, 33 il ərzində sobanın yanından bir kənara çəkilmək bilmirdi, sonra isə qalxaraq, birdən-birə nə qədər irəliləyişlərə, nailiyyətlərə imza atdı. Amma özünü həddindən artıq yükləsən, ölmək də olar. Cek Londonu yada salın. O. ömür boyu gecə gündüz istirahət bilmədən, çalışıb və zəmanəmizin ən dəyərli incilərindən hesab olunan öz möhtəşəm əsərlərini bizə yadigar qoyub. Amma qeyd etmək lazımdır ki, Cek qırx illik ömrünün elə ilk məzuniyyət ayındaca vəfat edib. O şam kimi əriyib, çünki davam etməyə daha enerjisi qalmamışdı. «Müəyyən dozalarda» isə məhz tənbəllik bizə ən vacib qərarları tələsmədən ölçüb-biçməyə imkan verir. Həmçinin gələcək fəaliyyətimiz üçün öz həyat enerjimizi məhz bu mərhələdə bərpa edə bilirik.