“Bəzi vətəndaşlar düşünürlər ki, 14 gün keçdikdən sonra artıq alınan malı qaytarmaq mümkün deyil. Lakin bu, düzgün fikir deyil”.
Bunu vəkil Turan Abdullazadə deyib.
Onun sözlərinə görə, mal qüsurludursa, geri qaytarılmanı zəmanət müddəti ərzində rəsmi qaydada həyata keçirmək mümkündür.
“Məsələn, malı almısınız, onun heç bir problemi yoxdur, amma siz öz istəyinizlə malı geri qaytarmaq istəyirsiniz. Bu halda, təbii ki, geri qaytarılma mümkün deyil. Lakin məhsulda qüsur və ya mühüm qüsur varsa, bu halda zəmanət müddəti ərzində malı geri qaytarmaq mümkündür. “İstehlakçıların müdafiəsi haqqında” qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən, istehlakçı müqavilə və digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə uyğun olaraq satıcıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər”, – deyə vəkil qeyd edib.
T.Abdullazadə bildirib ki, satıcı və icraçı bu tələbi yerinə yetirməyə məcburdur: “Çünki istehlakçı malda mühüm qüsur aşkar edərsə, onun itkilərinin əvəzinin ödənilməsini tələb etmək hüququ var. Bundan başqa, alıcı satıcı ilə digər formada razılığa gələ bilər. Məsələn, malın lazım olan keyfiyyətli digər mal ilə dəyişdirilməsi, satış qiymətinin uyğun məbləğə endirilməsi, digər model və markalı mal ilə yenidən hesablaşma aparmaq yolu ilə malın əvəzini satıcıdan tələb edə bilər”.



