Almaniya, Fransa və Böyük Britaniyanın hakimiyyət orqanları dərhal yeni tədbirlər görmək, o cümlədən İranla hava əlaqəsi sazişlərini dayandırmaq və “Iran Air”ə qarşı sanksiyaların tətbiqi üzərində işləmək niyyətindədir.
Bu barədə adıçəkilən üç ölkənin xarici işlər nazirlərinin Almaniya Xarici İşlər Nazirliyinin saytında dərc edilən birgə bəyanatında deyilir.
“Biz – Almaniya, Fransa və Böyük Britaniya hökumətləri İranın ixracını və Rusiyanın İrandan ballistik raketlər almasını qətiyyətlə pisləyirik”, – bəyanatda bildirilir.
Onların fikrincə, bu, həm İran, həm də Rusiya tərəfindən eskalasiyadır və Avropanın təhlükəsizliyinə təhdiddir.
“İranla ikitərəfli hava əlaqəsi müqavilələrini ləğv etmək üçün dərhal hərəkətə keçəcəyik. Bundan əlavə, İranın ballistik raket proqramında, ballistik raketlərin və digər silahların Rusiyaya ötürülməsində iştirak edən əsas təşkilat və şəxslərin müəyyənləşdirilməsini davam etdirəcəyik. Ardından “Iran Air”ə qarşı sanksiyalar tətbiq etmək üzərində işləyəcəyik”, – bəyanatda vurğulanır.
Bəyanatda o da qeyd edilib ki, üç ölkə cavab tədbirlərini avropalı və beynəlxalq tərəfdaşlarla razılaşdırır və İrandan Rusiyaya hərbi dəstəyini, eləcə də ballistik raket işlənib hazırlanmasını dərhal dayandırmasını tələb edir.