Almaniya hökuməti ölkədə minimum əməkhaqqının mərhələli şəkildə artırılması barədə qərar qəbul edib. Yeni qərara əsasən, minimum əməkhaqqı iki mərhələdə artırılaraq 14,60 avroya çatacaq.
İlk artım 2026-cı ilin yanvarından qüvvəyə minəcək və bir saat üçün 13,90 avro müəyyən edilib. İkinci mərhələ isə 2027-ci ildə 14,60 avro səviyyəsində tətbiq ediləcək. Ümumilikdə bu, 13,9 faiz artım deməkdir və son on ildə həyata keçirilən ən böyük minimum əməkhaqqı artımıdır.
Hazırda Almaniyada minimum əməkhaqqı bir saat üçün 12,82 avrodur. Federal Statistika İdarəsinin məlumatına görə, yeni artımdan 6,6 milyon işçi faydalanacaq. Artımın ən çox qadınlara və Şərqi Almaniyada çalışanlara təsir göstərəcəyi gözlənilir. Minimum əməkhaqqı ilə tam iş günü çalışan şəxs ayda təxminən 190 avro əlavə gəlir əldə edəcək. Hökumətin hesablamalarına əsasən, əlavə əməkhaqqı xərcləri işəgötürənlər üçün 2026-cı ildə 2,2 milyard avro, 2027-ci ildə isə 3,4 milyard avro olacaq.






