Almaniya “Arrow 3” raket əleyhinə müdafiə sistemlərinin alınması üçün İsrail və ABŞ-dan icazə alıb.
Bu barədə “The Jerusalem Post” Almaniya Hərbi Hava Qüvvələrinin komandanı İnqo Qerhartsa istinadən məlumat yayıb.
Onun sözlərinə görə, “Arrow 3”ü əldə etmək üçün Almaniya İsrail və ABŞ-ın razılığını almalıdır: “Onlar bizə bu məsələdə əməkdaşlıq edə biləcəyimiz barədə razılıq verdilər, lakin biz hələ detalları müzakirə etməmişik”.
“Arrow” İsrailin təkmilləşdirdiyi anti-ballistik raket sistemidir. Bu sistem qısa və orta mənzilli döyüş raketlərinə qarşı müdafiə imkanları verir. “Arrow”, indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur. Daha inkişaf etdirilmiş modeli olan “Arrow 3” isə 2013-cü ilin fevral ayında bazara çıxarılıb. Təkmilləşdirmə proqramına təxminən 3 milyard ABŞ dolları xərclənib.
“Arrow -3” kompleksi ən son hazırlanan müasir və effektiv raket əleyhinə müdafiə (RƏM) komplekslərindən biridir. Onun 2 000 kilometrə məsafədə və 100 km-ə qədər yüksəklikdə uçan raketləri ələ keçirməsi, kompleksin “İskəndər-M” raketlərini sıradan çıxarmaq üçün yetərli olduğunu göstərir.
Hazırda Azəbaycan Ordusnun arsenalında “ARROW” raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi mövcuddur.