Almaniya hökuməti ölkəyə ixtisaslı mütəxəssislərin daxil olmasını asanlaşdıracaq miqrasiya qanunu hazırlayır.
Bu barədə Almaniyanın əmək naziri Hubertus Hayl “Bild am Sonntag” qəzetinə müsahibəsində danışıb.
“Ölkəmizə ehtiyacı olan insanların bizə müraciət etməsini asanlaşdırmaq üçün şəffaf bal sistemi ilə “imkanlar kartı” tətbiq edəcəyik. Yeni sistem xaricdəki peşəkarların Almaniyada iş tapmasını asanlaşdıracaq. Almaniyada hər il neçə nəfərin müəyyən müddətə iş və ya peşə təhsili ilə bağlı yer axtarmaq üçün ölkəyə gələ biləcəyi “imkanlar kartı” ilə müəyyən ediləcək.”-deyə, o bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində Almaniyada qalma xərclərini miqrant özü çəkməli olacaq.
“Almaniyada tanınmış diplom və ya peşə sertifikatı olan peşəkarlar şərti olaraq “imkanlar kartı” üçün uyğun olacaqlar, lakin digər namizədlərə də Almaniyaya gəlmək şansı verilməlidir. Ballar dörd meyara görə veriləcək: xarici təhsil sertifikatı, ən azı üç il iş təcrübəsi, dil biliyi və ya keçmişdə Almaniyada olma və 35 yaşa qədər. “İmkanlar kartı”nı əldə etmək üçün dörd meyardan üçünün yerinə yetirilməsi kifayət edəcək. Proqramda iştirak üçün daha ətraflı şərtlər hazırda Almaniya hökuməti tərəfindən müzakirə olunur”.