“Almaniyada mayın 4-dən başlayaraq məktəblərin, aprelin 20-dən isə qeyri-ərzaq satışı ilə məşğul olan mağazaların fəaliyyəti bərpa ediləcək”.
“Focus” xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel deyib.
Kanslerin sözlərinə görə, tədbirlərin yumşaldılması, ilk növbədə, məktəblərin buraxılış sinifləri və ümumi sahəsi 800 m²-dən çox olmayan qeyri-ərzaq mağazalarına şamil ediləcək. O bildirib ki, aşağı siniflərdə isə dərslər daha sonra bərpa ediləcək.
Bundan başqa, kütləvi tədbirlərin yayın sonunadək qadağan edilməsi planlaşdırılır.
Qeyd edək ki, Almaniyada pandemiya qurbanlarının sayı 3 254 nəfərdir. Ölkədə indiyədək 127 584 nəfərdə koronavirus aşkarlanıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 035 000-i ötüb. Bunların 503 386 nəfəri sağalıb, 130 712 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
©Report