27 C
Baku
Sunday, July 21, 2024

Almaniya lideri niyə narazıdır?

Almaniyada qalmaqal yaşanıb. Almaniya kansleri Olaf Şolts nəqliyyat naziri Folker Vissinqi sərt tənqid edib. Bunun səbəbi odur ki, nəqliyyat naziri kanslerin və bütövlükdə hökumətin rəyini nəzərə almadan Çinlə əməkdaşlıq haqqında saziş imzalayıb. “Ümumi prinsip belədir ki, bütün məsələlər razılaşdırılmalıdır” deyən kansler hökumətin Çinlə bağlı ortaq strategiyasının varlığını xatırladıb.

Almaniya nəqliyyat nazirinin Pekinlə imzaladığı sazişin taleyi barədə qərar yoxdur. Əslində Berlin Pekinlə iqtisadi və ticarət əlaqələrdən imtina etməyib. Doğrudur, Almaniya Fransanın təzyiqi ilə Çindən idxal olunan elektrik avtomobillərə əlavə gömrük rüsumunu qəbul etmək məcburiyyətində qalıb. Ancaq Berlinin narahatlığı ondadır ki, öz növbəsində Pekin də Almaniya istehsalı olan avtomobillərin Çində satışını əngəlləyə bilər.

Olaf Şolts bu ilin aprel ayında Pekində səfərdə olmuş və Çin lideri Si Cinpinlə görüşmüşdü. Bu görüşdə əsas 3 məsələ müzakirə olunmuşdu. Birinci mövzu Almaniya ilə Çin iqtisadi əməkdaşlığının keyfiyyətinin artırılmalısı ilə bağlı idi. Şolts alman şirkətləri üçün dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində rəqabət üçün bərabər şərait yaradılmasını istəmişdi. Liderlər ikinci mövzu olaraq Rusiya-Ukrayna müharibəsinin bitirilməsiylə bağlı fikir mübadiləsi apardılar. Almaniya kansleri Çin liderindən müharibənin dayandırılması məqsədilə Kremlə təsir etməsini istəmişdi. Üçüncü mövzu  Qəzzadakı durumla bağlı idi.

“Bu görüşdən iki aydan çox vaxt keçib və müzakirə olunan 3 məsələ ilə bağlı irəliləyiş yoxdur”- deyə, bunu Bakıda mənzillənən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir.

“Almaniya-Çin iqtisadi əməkdaşlığının keyfiyyəti artmayıb, Rusiya-Ukrayna müharibəsi və Qəzzadakı xaos davam edir. Bundan başqa Çin lideri Tsi Cinpin Pekinə gələn Almaniyanın iqtisadiyyat naziri Robert Habeklə görüşdən imtina edib. Eyni zamanda Rusiya Federasiya Şurası Berlinə etiraz edərək Almaniyanın Çinin Rusiyaya ilə iqtisadi əlaqələri məhdudlaşdırması tələbini tənqid edib”.

Bu arada, Amerika Birləşmiş Ştatları da Çinlə iqtisadi əlaqələri daha çox nəzarət altına almağa başlayıb. ABŞ Çinin qabaqcıl çip texnologiyalarına çıxışını məhdudlaşdıran tədbirləri gücləndirib. Vaşinqton eyni zamanda Yaponiyanın və Niderlandın Çinlə çip sahəsində əməkdaşlığını məhdudlaşdırmaq istiqamətində fəaliyyətini genişləndirib.

Son xəbərlər
Digər xəbərlər