Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah satışını bərpa edib.
Rəsmi Berlin 2018-ci ildən bəri ilk dəfə Səudiyyə Ərəbistanına silah ixracına icazə verib.
Məlumata görə, silah satışı kansler Olaf Şoltsun keçən həftə sonu bölgəyə səfərindən əvvəl təsdiqlənib.
“Der Spiegel” nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanı “Eurofighter” və “Tornado” qırıcıları üçün 36 milyon avro dəyərində avadanlıq və sursat alacaq. Ər-Riyad, həmçinin “Airbus A330” təyyarələri üçün 2.8 milyon avro dəyərində ehtiyat hissələri tədarük edəcək.
Almaniyanın Səudiyyə Ərəbistanına silah satışı 2012-ci ildə 1.24 milyard avroya çatıb. Lakin Berlin Yəməndəki müharibədə iştirak etdiyinə və jurnalist Camal Qaşıqçının öldürülməsinə görə Ər-Riyada silah ixracını qadağan etmişdi.