8 C
Baku
Bazar, Yanvar 23, 2022

Almaniya sosial təcrübəyə başlayır: sakinlərə şərtsiz olaraq üç il boyunca ayda €1200 ödəniləcək

Almaniya bu həftədən üç illik eksperimentə başlayır. Bildirildiyi kimi, eksperimentdə 120 nəfər iştirak edəcək və onların hər birinə şərtsiz olaraq üç il boyunca ayda 1200 avro ödəniləcək. Banker.az xəbər verir ki, təcrübənin əsas məqsədi bu cür pul köçürmələrinin iqtisadiyyata və insanların rifahına necə təsir etdiyini anlamaqdır.

Qeyd edək ki, təklif olunan məbləğ Almaniyanın yaşayış minimumundan bir qədər yüksəkdir. Ödəniş alanların vəziyyəti bu pulu almayan 1380 nəfərlə müqayisə ediləcək. Təcrübə Almaniyanın İqtisadi Tədqiqatlar İnstitutu tərəfindən aparılacaq.

Təcrübə zamanı iştirakçılardan əsas gəlirin təsirinin nə qədər əhəmiyyətli olduğunu daşa düşmək üçün onların həyatı, iş və emosional vəziyyəti ilə bağlı sorğu anketlərini doldurmaları istəniləcək.

Şərtsiz ödəniş onu nəzərdə tutur ki, hökumət iş yerindən asılı olmayaraq hər bir vətəndaşına aylıq olaraq müəyyən miqdarda pul ödəməlidir. Bu ödənişlər bürokratik gecikmələrlə çətinləşən sosial müavinətləri əvəzləyə bilər. Tərəfdarların fikrincə, belə bir təcrübə bərabərsizliyi azaldacaq və insanların rifahını yaxşılaşdıracaq. Əleyhdarlar isə əksinə, bunun çox bahalı bir tədbir olduğunu düşünürlər və hesab edirlər ki, insanlar işə getməyə daha həvəssiz olacaqlar.

Eksperimentin rəhbəri Yurgen Şlüpp “Der Spiegel” qəzetinə verdiyi açıqlamada bildirir ki, alman təcrübəsi yeni elmi məlumatlar əldə etməyə kömək edəcək. “Bu ana qədər əsas gəlir ətrafında gedən müzakirələr yaxşı dövrlərdə fəlsəfi fikirlər, pis dövrlərdə isə inam uğrunda mübarizə olaraq iki istiqamətə bölünüb”, – Şlüpp qeyd edir.

Onun sözlərinə görə, hər iki tərəf stereotiplərə əsaslanır: əleyhdarlar hər ay şərtsiz pul alan insanların daha tənbəl, tərəfdarlar isə daha yaradıcı və demokratiyanın qorunmasına meylli olacaqlarına inanır. Schlupp ümid edir ki, Alman təcrübəsi bu stereotipləri real məlumatlarla əvəz edəcəkdir.

Xatırladaq ki, buna bənzər təcrübə 2017-ci ilin yanvarından 2018-ci ilin dekabrına qədər Finlandiyada aparılıb. Təxminən 2 min işsizə ayda 560 avro ödənilirdi ki, bu da Finlandiyada yaşayış minimumundan xeyli aşağıdır (2018-ci ildə 1160 avro idi). Təcrübə ölkədə işsizliyin səviyyəsini azaltmasa da, iştirakçılar özlərini daha xoşbəxt hiss etdiklərini və daha az narahat olduqlarını qeyd ediblər.

Son xəbərlər
Oxşar xəbərlər