Biz Ukraynanı maliyyə və siyasi cəhətdən, eyni zamanda, silah-sursat baxımında dəstəkləyirik.
Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Londonda Ukraynanın bərpası ilə bağlı konfransda çıxışı zamanı bildirib.
“Biz istəyirik ki, bu müharibədə Ukrayna qələbə çalsın, sülhü qazansın. Ukrayna Avropa ailəsinə məxsusdur. Avropa Komissiyasının Prezidentinin də vurğuladığı kimi, Ukrayna müharibəyə baxmayaraq, islahatlar istiqamətində təqdir olunası irəliləyişlər edir. Nəticə etibarı ilə Ukrayna Avropa İttifaqının üzvü olacaq”, – XİN rəhbəri əlavə edib.
O qeyd edib ki, Almaniya 2023-cü ildə Ukrayna üçün 381 milyon avro humanitar yardım ayıracaq: “Biz minalardan təmizlənmə istiqamətində işləyəcəyik. Müharibə başlayandan bəri Almaniya Ukraynaya 16.8 milyard avro yardım ayırıb”.
Berbok vurğulayıb ki, gələn il Ukraynanın bərpası üzrə konfrans Almaniyada keçiriləcək: “Biz bilmirik ki, Rusiya öz qəddar müharibəsini nə zaman dayandıracaq. Bu, bir nəfərin əlindədir, o müharibəni başladıb. Ancaq biz söz veririk ki, Ukrayna qələbə çalana, sülhü qazanana qədər bu ölkəyə, onun bərpasına kömək etməyə davam edəcəyik”.