Almaniya xarici işlər naziri Annalena Berbokun Azərbaycana səfər proqramı açıqlanıb.
Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, 3-4 noyabr tarixlərində Almaniya federal xarici işlər naziri Annalena Berbok danışıqlar üçün İrəvana və Bakıya səfər edəcək. Bu, xarici işlər nazirinin 2023-cü ilin yazında Gürcüstana səfərindən sonra Ermənistan və Azərbaycana ilk, Cənubi Qafqaza isə ikinci səfəridir.
Səfirlikdən bildirilib ki, almaniyalı nazir azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək və bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyində birgə mətbuat konfransı keçiriləcək.
“Almaniya davamlı sülhə, regionun siyasi və iqtisadi diversifikasiyasına və Aİ ilə sıx və yaxşı münasibətləri üçün çalışır. Bunun üçün regionda etimad və barışıq yaradılması çox vacibdir. Məqsəd azərbaycanlıların və ermənilərin öz milli sərhədləri daxilində sülh və təhlükəsizlik şəraitində yaşaya bilmələri üçün danışıqlar yolu ilə hərtərəfli sülh həllidir. Bu məqsədlə biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli danışıqların tez bir zamanda bərpasını dəstəkləyirik və Cənubi Qafqaz xalqları üçün sülh və sabitliyə töhfə verən hər hansı bir əlaqəni dəstəkləyirik”, – səfirliyin mətbuat katibi Marsel Viëtor qeyd edib.