Almaniya Müdafiə Nazirliyi yeni “Taurus” uzaqmənzilli qanadlı raketləri almağı planlaşdırır.
Bu barədə “Der Spiegel” nəşri yazıb.
Nəşrin məlumatına görə, Almaniyanın Müdafiə Nazirliyi Bundesveri (Almaniya Silahlı Qüvvələrini – red.) yeni “Taurus” modeli ilə təchiz etmək niyyətindədir. Müvafiq olaraq, hərbi baxımdan təxminən 2,1 milyard avroya 600 “Taurus Neo” qanadlı raketlərinin sifariş edilməsi məqsədəuyğundur.
İlk tədarüklər 2029-cu ildə edilə bilər. Lakin maliyyə vəziyyətinin ağır olması səbəbindən bu layihə hələlik Almaniya Müdafiə Nazirliyinin fərdi planına yalnız variant kimi daxil edilib. Layihəni həyata keçirmək üçün quruma 2025-ci ildə cəmi 350 milyon avro lazımdır, belə ki, yüksək texnologiyalı silahlara görə xərclərin böyük hissəsi 2029-cu ildən tez ödənilməyəcək.