Almaniyada 16-74 yaş arası insanların demək olar ki, 6 faizi internetdən istifadə etmir. Bu isə 3,4 milyon insan deməkdir.
Bu barədə Federal Statistika İdarəsi ötən il kommunikasiya sektorunda istifadəçilərin davranışı ilə bağlı sorğulara istinad edərək məlumat yayıb.
Müvafiq olaraq, “oflayn” olanların nisbəti ən çox 65-74 yaşlılar qrupunda olub. Federal İdarənin məlumatına görə, onların altıda biri və ya 17 faizi heç vaxt internetdən istifadə etməyib. Bunun əksinə olaraq, 45 yaşdan aşağı olanlar üçün bu nisbət 2 faizdən az olub.
Ümumilikdə, Almaniya internetdən istifadə etməyənlərin sayına görə Aİ ortalamasından bir qədər aşağıdadır. Bununla belə, Aİ-yə üzv dövlətlər arasında böyük fərqlər var. Belə ki, Yunanıstan və Portuqaliyada bu rəqəm 14 faiz olduğu halda, İsveçdə yalnız 1 faiz “oflayn”dır.
Federal İdarənin BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesablamalarına istinadən verdiyi məlumata görə, 2022-ci ildə dünya əhalisinin təxminən üçdə biri internetdən məhrumdur. Bu, isə onlayn olmayan 2,7 milyard insana bərabərdir.