“Alphabet” süni intellektin inkişafı üçün rekord $85 milyard cəlb edib

ABŞ-nin “Alphabet” korporasiyası son 20 ildə ilk dəfə yeni səhmlər yerləşdirərək 84,75 milyard dollar vəsait cəlb edib. Şirkət investor Uorren Baffetin investisiya şirkəti “Berkshire Hathaway”dən 10 milyard dollar əldə edib. “Google”un ana şirkəti cəlb olunan vəsaiti süni intellekt (Sİ) infrastrukturu sahəsinə yatırmağı planlaşdırır.

“Financial Times” yazır ki, bu əməliyyat tarixdə səhmlər vasitəsilə həyata keçirilən ən böyük kapital cəlbetmələrindən biri ola bilər.

“Alphabet” daha əvvəl bu yolla 80 milyard dollar toplamağı planlaşdırdığını açıqlamışdı. Qəzetin qeyd etdiyi kimi, şirkətin yekunda gözləniləndən 5 milyard dollar çox vəsait cəlb etməsi investorların “Alphabet”in Sİ infrastrukturu sahəsindəki iri investisiyalarını maliyyələşdirməyə hazır olduğunu göstərir.

“Financial Times”ın hesablamalarına görə, dünyanın aparıcı texnologiya şirkətləri yaxın dövrdə süni intellekt texnologiyalarına ümumilikdə 725 milyard dollar investisiya yatırmağı planlaşdırırlar.

Son xəbərlər
Digər xəbərlər