Alüminiumun qiyməti ABŞ dollarının möhkəmlənməsinin xammal bazarlarına təzyiq göstərməsi fonunda fevralın ortalarından bəri ən aşağı səviyyəyə enib.
Sənaye metalı iyunda 16%-lik geriləmədən sonra enişini davam etdirib. Bu, 2008-ci ildən bəri ən böyük aylıq azalma olub. Yaxın Şərqdəki münaqişənin başa çatması da alüminium bazarına təsir edib. Belə ki, dünya istehsalının təxminən 10%-ni təmin edən regiondan tədarükün azalması səbəbindən metalın qiyməti mart-may aylarında əhəmiyyətli dərəcədə artmışdı.
ABŞ dolları ardıcıl ikinci gündür möhkəmlənir. Son iki ay ərzində dolların məzənnəsi 2,5% yüksəlib ki, bu da qismən Federal Ehtiyatlar Sisteminin pul siyasətinin sərtləşdirilməsi ilə bağlıdır. Bu isə qiyməti dollara bağlı olan əmtəələri bir çox alıcılar üçün daha bahalı edir.
“Hangzhou Chenglian Industrial Co.”nun treyderi Zhenting Zhou bildirib ki, investorlar dolların məzənnəsinin daha da artacağından narahatdırlar. Bu vəziyyət alüminium, qızıl və gümüş də daxil olmaqla sənaye metalları bazarına təsir göstərir.
Onun sözlərinə görə, bəzi Çin investorları yerli fond bazarlarının yüksəlişi fonunda vəsaitlərini xammal aktivlərindən səhmlərə yönəldirlər.
Şanxay vaxtı ilə saat 11:43-ə olan məlumata görə, “London Metal Exchange”da alüminiumun qiyməti 0,5% azalaraq bir ton üçün 3 071 dollara düşüb. Daha əvvəl qiymət 3 060 dollara qədər geriləyərək fevralın 19-dan bəri ən aşağı səviyyəyə enib.
Mis 0,9% ucuzlaşaraq bir ton üçün 13 254 dollara düşüb. Dəmir filizi isə 1,6% dəyər itirərək Sinqapurda bir ton üçün 97,5 dollar səviyyəsində ticarət olunub.
Bazar iştirakçıları Vaşinqtonun təmizlənmiş mis idxalı ilə bağlı apardığı araşdırmanın nəticələrini gözləyirlər. Bu məhsul ötən il tətbiq edilən tariflərdən kənarda saxlanılmışdı.
ABŞ-nin ticarət naziri Hovard Lutnik çərşənbə axşamına qədər ABŞ mis bazarındakı vəziyyətlə bağlı yenilənmiş məlumatları prezident Donald Trampa təqdim etməli idi.







