Əsasən sığorta sektoru üzrə reytinq verən “AM Best” Azərbaycandakı ən iri sığorta şirkəti “PAŞA Sığorta” ASC-yə maliyyə dayanıqlılığı üzrə “B++” (Yaxşı) və uzunmüddətli emitent kredit reytinqi üzrə “bbb” (Yaxşı) kimi qiymətləndirib.
Banker.az xəbər verir ki, reytinqlərdə “PAŞA Sığorta”nın güclü hesab edilən balans dayanıqlığını, güclü əməliyyat nəticələrini, məhdud biznes profilini və uyğun korporativ risklərin idarə olunmasını (ERM) əks etdirdiyi bildirilir.
Agentlik bildirir ki, balans dayanıqlığı risklə tənzimlənmiş kapitalla dəstəklənir və bu kapital orta müddətdə ən güclü səviyyədə qalacaq. Lakin “AM Best”in qeydində “yüksək dividend ödənişləri kapital bazasının artımını məhdudlaşdırıb” deyə əlavə edilir.
“Sığorta şirkətinin konservativ investisiya siyasəti və likvidlik səviyyəsi müsbət amillərdir, amma aktivlər əsasən Azərbaycanda cəmləşdiyi üçün iqtisadi, siyasi və maliyyə sistem risklərinə məruz qalır. Reytinq həmçinin təkrarsığortadan orta asılılığı nəzərə alır, lakin yüksək reytinqli stabil təkrarsığorta tərəfdaşları bu riski qismən azaldır”- deyə, “AM Best” agentliyi açıqlayıb.
Sığorta şirkəti 2024-cü ildə konsolidasiya əməliyyat göstəricisi 87,5%, kapitalla gəlirlilik 43,8% olub (2023-cü ildə müvafiq olaraq 87,6% və 40,2%). İnvestisiya gəlirliliyi isə 2024-cü ildə 8,8% təşkil edib (2023: 7,9%).
Əlavə edilir ki, “PAŞA Sığorta”nın bazar profili məhdud hesab olunur. Şirkət daxili qeyri-həyat sığorta bazarında liderdir, lakin fəaliyyət portfeli coğrafi və məhsul üzrə yüksək cəmləşmə ilə xarakterizə olunur. Son illərdə idarəetmə və risklərin idarə olunması çərçivəsinin təkmilləşdirilməsi istiqamətində addımlar atılıb. ERM şirkətin risk profilinə uyğun sayılır.
Xatırladaq ki, baş ofisi ABŞ-də olan “AM Best”reytin agentliyi sığorta sektorunda ən nüfuzlu reytinq agentliklərindən biri hesab olunur. “AM Best”in reytinqləri investorlar, brokerlər, sığorta alıcıları və tənzimləyicilər tərəfindən geniş istifadə olunur. Dünyada bir çox iri sığorta şirkətləri (Allianz, AXA, Zurich və s.) AM Best tərəfindən qiymətləndirilir.