8 C
Baku
Wednesday, October 30, 2024

Amazon 70 milyondan artıq müştəri üçün bank olacaq

Bain & Co şirkətinin məlumatına görə, beş il ərzində Amazon-un bank xidmətlərindən istifadə edən ABŞ-ın müştəri hesablarının sayı 70 milyonu keçərək ölkənin üçüncü böyük bankı Wells Fargo-nun müştəri hesablarının sayı ilə müqayisə oluna bilər.

Aparılmış son təhlil Amazon-un banklar, həmçinin JPMorgan Chase və Capital One ilə müştəriləri üçün xüsusi bank hesablarının hazırlanması məsələlərinə dair fəal şəkildə danışıqlar apardığına dair məlumatların yayılması nəticəsində aparılıb.

Bank ittifaqı Amazon-a tənzimləyici maneələri aradan qaldırmağa, həmçinin banklararası komissiyalarda qənaət etməyə və digər, daha sərfəli maliyyə məhsullarına keçməyə imkan verə bilər.

Bain & Company-nin fikrincə, müştərilərinə kredit kartları vasitəsilə deyil, birbaşa öz Amazon bank hesabından ödəmə imkanı təqdim etməklə, Amazon 0,25 milyard ABŞ dolları dəyərində illik banklararası komissiya ödəmələrinin qarşısını almaq imkanı qazanacaq.

Gələcəkdə 70 milyon müştəri proqnozu göstərir ki, Amazon istənilən halda maliyyə xidmətləri üçün müştəri bazasının təxminən yarısını cəlb edir. Bain şirkətinin son sorğusunda iştirak edənlərin məhz bu qədəri növbəti beş il ərzində texnologiya nəhəngindən maliyyə məhsulları almaq niyyətində olduqlarını söyləyiblər.

PLUSworld.ru portalı dünya və Rusiya bank bazarı üçün bu tendensiyanın əhəmiyyətini qiymətləndirmək üçün bir sıra xarici ekspert cəlb etmişdir.

Bazarın ən nüfuzlu, pərakəndə bankçılıq sahəsində böyük layihələrin həyata keçirilməsi üzrə uzun illərin təcrübəsinə malik mütəxəssislərindən birinin fikrincə, biz tamamilə təbii bir prosesin şahidi oluruq. Banklar tədricən hesabların aparılması və ödənişlərin həyata keçirilməsi üzrə tarixən müəyyən olunmuş monopoliyasını itirir və bu kifayət qədər uzun müddətdir baş verir. Gec və ya tez bu “bənd” kökündən dağılmalı idi.

Hazırda pərakəndə müştərilərin hesablarının aparılması və ödənişlərin edilməsi bir sıra qeyri-bank qurumları tərəfindən həyata keçirilir.

Belə təcrübənin, bir sıra ölkələrdə ziddiyyət təşkil etdiyi halda, milli qanunvericiliyə uyğun olmasına gəldikdə isə, burada tənzimləyicinin davranışı iki formada ola bilər. Bir tərəfdən o, hesabların aparılmasının sırf bank funksiyası olmduğuna və bu funksiyanın digər strukturlara ötürülməsinin bank sistemi üçün təhlükə olduğuna əsaslanaraq qeyri-bank strukturlarına qəti “yox” deyir. Və yaxud tənzimləyici nəzakətlə razılaşır. Lakin ikinci halda o yalnız Amazon-a deyil, zamanla arzusunda olan bütün digərlərinə də bank funksiyalarını həyata keçirtməyə icazə verməyə hazır olmalıdır. Beləliklə, ABŞ-ın nümunəsində bu prosesin inkişafa doğru gedəcəyi gözlənilir.

Banklar buna nə ilə cavab verə bilər? Demək olar ki, heç nə ilə. Bildiyimiz kimi, bank biznesi bir neçə sütun üzərində dayanır və onlardan ən əsası uzun müddətli, sıx və etibarlı əlaqələr nəticəsində müştəriyə dair hərtərəfli bilgilərin toplanmasından ibarətdir. Hazırda bu sütun bir o qədər də möhkəm deyildir – Amazon öz müştərilərini banklardan heç də pis tanımır, bəlkə də əksinə, daha yaxşı tanıyır. Buna görə də düşünməyə həqiqətən dəyər.

“Hazırda bütün böyük universal banklar texnoloji və telekommunikasiya şirkətləri tərəfindən rəqabətlə qarşılaşır”, – Rusiya Banklar Assosiasiyasının Ödəniş Sistemləri Komitəsinin həmsədri Aleksey Maslov bildirib. – PayPal, Alipay, WeChat, Microsoft, UBER, Amazon, Facebook, Venmo, Sendy, Klarna, Zapp, Dwolla kimi yeni oyunçular artıq ödəniş sahəsində xidmətlər təklif edir və ya belə xidmətləri təklif edəcəklərinə dair planlarından danışırlar. Buna görə də Sberbank, BBVA, HSBC kimi bir sıra iri banklar müştərilərini itirməmək üçün məhsullarının və bank proseslərinin modernləşdirilməsi üçün planlar hazırlayırlar. Beynəlxalq və regional ödəniş sistemləri də bir çox ölkələrdə yeni məhsul (form-faktorlar) və texnologiyalar təklif edərək fəal şəkildə inkişaf edir”.

“Bu xəbərlər çoxdan gözlənilir – Google-bank, Amazon-bank və ya Facebook-bankın yaradılmasına dair söhbətlər uzun illərdir davam edir”, – Elektron Pul və Pul Köçürmələri Bazarı İştirakçılarının Assosiasiyası İdarə Heyətinin sədri Viktor Dostov bildirib. – Bu ideyanın əsası bank xidmətləri vasitəsilə auditoriyanın əlavə monetizasiyası cəhdidir. Təcrübədə bu fikir elə də sadə deyil – bank ilə, məsələn, Facebook-un istifadəçi münasibəti tamamilə fərqlidir. Maliyyə xidmətləri etibar, təhlükəsizlik qaydaları və konservatizm ilə əlaqələndirilir. Sosial şəbəkələrdən maliyyə xidmətlərinin bu keyfiyyətdə həyata keçirilməsi gözlənilmir. Amazon isə daha sərfəli mövqedədir. O, maliyyə xidmətləri tətbiqinin başa düşülən modelləri və fərqli bir nüfuzu olan ticarət müəssisəsidir. Beləliklə, düşünürəm ki, bu fikir uğur qazana bilər, lakin Amazon-un inkişaf göstəricilərinə əhəmiyyətli töhfə olması üçün çox iş görülməlidir”.

Müstəqil ekspert Andrey Graçovun fikrincə, “Amazonun öz bankını yaratması əvvəlcədən gözlənilən bir hadisədir. Birincisi, Amazon külli miqdarda maliyyə tranzaksiyası və kontragentlərdən ibarət platformadır. Bütün bu tranzaksiyaların həyata keçirilməsi üçün hazırda digər banklara komissiya ödənilir. Aydındır ki, şirkətin biznes miqyası o qədər böyüyüb ki, bu xidmətlərin şəxsi bank strukturuna ötürülməsi komissiyalarda çoxmilyonlu qənaətə səbəb olacaq. İkincisi, Amazon bir ekosistemdir və istifadəçiləri haqqında çox sayda məlumat toplayıb. Bu yalnız effektiv satış imkanı deyil, müxtəlif kateqoriyalara malik, o cümlədən bank xidmətindən istifadə etməyən (unbanked) müştərilərlə bağlı riskləri qiymətləndirmə, öz növbəsində effektiv kreditləşmə imkanları verir. Üçüncüsü, Amazon müştəriləri sistem daxilində hesablarını aldıqda, Amazon ilə onlar arasında ödənişlər şəxsi ödəniş infrastrukturu vasitəsilə, yəni ənənəvi ödəmə sistemlərinə komissiya ödəmədən hayata keçiriləcək. Bu da Amazon-un ümumilikdə bir ekosistem kimi effektivlik və rəqabətədavamlılığını artırır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Amazon-un bank biznesinə daxil olması çox məntiqli, gözlənilən və əsaslandırılmışdır”.

Son xəbərlər
Digər xəbərlər