17 C
Baku
Wednesday, October 29, 2025

“Amazon” Cənubi Koreyada AI məlumat mərkəzlərinin tikintisinə $5 milyard sərmayə qoyur

“Amazon” şirkətinin bulud texnologiyaları üzrə bölməsi olan “Amazon Web Services” (AWS) növbəti altı il ərzində Cənubi Koreyada süni intellekt (AI) üçün yeni məlumat emalı mərkəzlərinin tikintisinə təxminən 5 milyard dollar (7 trilyon von) sərmayə qoymağı planlaşdırır. Bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.

AWS nümayəndələrinin sözlərinə görə, 2025–2031-ci illər arasında şirkət Cənubi Koreyada öz süni intellekt infrastrukturasının genişləndirilməsinə əlavə 7 trilyon von (təxminən 4,89 milyard dollar) xərcləyəcək. Beləliklə, AWS-in ölkəyə ümumi sərmayəsi 12,6 trilyon vona çatacaq. Hazırda amerikalı şirkət artıq 5,6 trilyon von məbləğində investisiya yatırıb.

Yeni məlumat mərkəzi Ulsan şəhərində inşa ediləcək və bu məqsədlə AWS Cənubi Koreyanın “SK Group” konqlomeratı ilə əməkdaşlıq edəcək. “SK Group”un məlumatına görə, tikinti 2027-ci ilə qədər başa çatdıqdan sonra bu məlumat mərkəzi ölkənin ən böyüyü olacaq.

Yeni prezident Li Cae Myon rəhbərliyindəki Cənubi Koreya hökuməti süni intellekt sektorunu iqtisadi artımın yeni mühərriklərindən biri hesab edir, yazır WSJ. Seul hökuməti ölkəni dünyanın üç ən böyük süni intellekt mərkəzindən birinə çevirmək niyyətindədir.

“Reuters” agentliyinin verdiyi məlumata görə, AWS-in investisiya bəyanatı şirkətin baş direktoru Mett Qarmanın Cənubi Koreya prezidenti ilə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin kuluarlarında keçirdiyi görüş zamanı səsləndirilib.

Ümumilikdə, Kyondju şəhərində keçirilən görüşdə yeddi qlobal şirkətin rəhbərləri iştirak edib. Onlar növbəti beş il ərzində Cənubi Koreyaya ümumilikdə 9 milyard dollar investisiya qoyacaqlarını vəd ediblər, — deyə Li Cae Myon administrasiyası bildirib.

Qarman sammitin kuluarlarında qeyd edib ki, AWS artıq 14 APEC ölkəsinə və iqtisadiyyatına (ABŞ istisna olmaqla) 2028-ci ilə qədər ümumilikdə 40 milyard dollar investisiya yatırıb və əlavə sərmayələr planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər