“Amazon” (AMZN) səhmləri ABŞ-nin NASDAQ birjasında 3 noyabr bazar ertəsi günü 5,88% artaraq maksimumda bir səhm üçün 258,6 dollara çatıb. Artım “Amazon”un bulud xidmətləri bölməsi Amazon Web Services (AWS) ilə süni intellekt sahəsində fəaliyyət göstərən “OpenAI” şirkəti arasında 38 milyard dollarlıq yeddiillik müqavilənin imzalanması fonunda baş verib, “Bloomberg” yazır.
Dünən Bakı vaxtı ilə saat 19:34-ə olan məlumata görə, səhmlər 4,52% artaraq 255,26 dollar səviyyəsində ticarət olunub.
Müqaviləyə əsasən, “OpenAI” süni intellekt texnologiyalarının işləməsini dəstəkləmək üçün xüsusi hazırlanmış NVIDIA qrafik prosessorlarına çıxış əldə etmək məqsədilə “Amazon Web Services”ə ödəniş edəcək.
Süni intellekt dövründə rəqabət qabiliyyətini qorumaqda çətinlik çəkən “Amazon” üçün bu müqavilə şirkətin nəhəng məlumat emalı mərkəzləri şəbəkələrini yaratmaq və idarə etmək bacarığını təsdiqləyən mühüm addım olub.


                                    





