“Amazon” süni intellekt startapı “Anthropic”ə 25 mlrd. dollara qədər sərmayə qoyur

ABŞ korporasiyası “Amazon” süni intellekt şirkəti olan “Anthropic”ə 25 milyard dollara qədər investisiya qoymağı planlaşdırır. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“Amazоn hazırda Anthropic-ə 5 milyard dollar sərmayə yatırır və gələcəkdə əlavə olaraq 20 milyard dollara qədər vəsait yönəltməyi planlaşdırır”, – deyə açıqlamada bildirilir.

Şirkət əlavə investisiyaların dəqiq vaxtını açıqlamayıb və qeyd edib ki, 20 milyard dollar “müəyyən kommersiya hədəflərinə nail olunduqca” yatırılacaq. Bundan əlavə, tərəfdaşlıq çərçivəsində “Anthropic” növbəti 10 il ərzində “Amazon”un süni intellekt çipləri və bulud xidmətlərinə 100 milyard dollardan çox vəsait xərcləməyi öhdəsinə götürüb. Bu çiplər sayəsində “Anthropic” öz modellərinin işləməsi üçün əlavə olaraq 5 GVt-a qədər hesablama gücü əldə edəcək.

Şirkətlər 2023-cü ildən əməkdaşlıq edir və süni intellekt çiplərinin hazırlanması, generativ neyroşəbəkələrin müxtəlif sahələrə tətbiqi və məlumat emalı mərkəzlərinin yaradılması ilə məşğuldur. Bildirilib ki, “Amazon” indiyədək AI texnologiyaları istehsalçısına 8 milyard dollar sərmayə qoyub.

“Anthropic” 2021-ci ildə “OpenAI” şirkətinin keçmiş əməkdaşları tərəfindən yaradılıb və qısa müddətdə süni intellekt sahəsində aparıcı oyunçulardan birinə çevrilib. Şirkət 2022-ci ildə “Claude” adlı əsas məhsulunu təqdim edib və bu sayədə, o cümlədən “Google” və “Amazon” kimi texnologiya nəhənglərindən böyük investisiyalar cəlb edib.

Son xəbərlər
Digər xəbərlər