“Amazon” onlayn alış-veriş şirkətinin Fransa filialı olan “Amazon France”nin rəhbərliyi öz anbarlarının fəaliyyətini cari ayın 16-dan 20-dək dayandırmaq qərarına gəldi.
“Reuters” xəbər verir ki, dünən Nanterre şəhərinin məhkəməsi çıxardığı qətnamədə “əməkdaşlarının səhhətini qorumaqla bağlı öhdəliklərinə aşkar surətdə əməl etməyən” şirkət üzərinə anbarlarında koronavirus təhlükəsilə bağlı yoxlama aparmaq və həmin müddət ərzində yalnız ilkin tələbat mallarının onlayn alış-verişini həyata keçirmək mükəlləfiyyətini qoyub.
“Məhkəmə qərarına anlayış göstərməyimiz sifarişlərin göndərmə mərkəzlərimizin fəaliyyətini dayandıraraq Fransada milyonlarla insan üçün mühüm əhəmiyyət daşıyan xidmətin fəaliyyətini xeyli məhdudlaşdırmağımız deməkdir”, – deyə şirkətin bugünkü bəyanatında göstərilir.
“Amazon France” həmçinin məhkəmə qərarından apellyasiya verəcəklərini də açıqlayıb.
©Report