23 C
Baku
Monday, October 6, 2025

“Amazon”un qurucusu Ceff Bezos AI bazarını “real potensiala malik bir balon” adlandırıb

Turində keçirilən “Italian Tech Week” konfransında çıxış edən Bezos süni intellekt (Sİ) bazarında “balon” əlamətlərinin bir neçəsini qeyd edib. Onun sözlərinə görə, bunlara şirkətlərin səhm qiymətləri ilə onların biznesin “fundamental göstəriciləri” arasında əlaqənin olmaması, həmçinin ideyalara həddindən artıq heyranlıq və həyəcanla yanaşma daxildir.

“Hazırda investorlar yaxşı layihələri pis olanlardan ayırmaqda çətinlik çəkirlər və Sİ ilə bağlı istənilən eksperimentə sərmayə qoymağa hazırdırlar,” — deyə Bezos bildirib.

Lakin o, bu cür “balonları” təhlükə hesab etmir:

“Ehtiraslar səngidikdən sonra biz qalibləri və real faydanı görəcəyik. Sİ cəmiyyət üçün böyük üstünlüklər gətirəcək,” — deyə Bezos əlavə edib.

Bezos misal kimi 1990-cı illərdə partlayış yaşayan əczaçılıq və biotexnologiya sənayesini göstərib:

“O dövrdə bir çox şirkətlər iflas etdi, investorlar isə pullarını itirdilər. Amma nəticədə bir sıra ‘həyati vacib’ dərmanlar ortaya çıxdı”, — deyə o vurğulayıb.

OpenAI şirkətinin rəhbəri Sem Altman da Sİ bazarını 1990-cı illərin “dotkom balonu” ilə müqayisə etmişdi. Bezos kimi o da bu “həyəcanın” müsbət nəticələri arasında innovasiyaları və iqtisadiyyata müsbət təsirləri qeyd etmişdi.

Son xəbərlər
Digər xəbərlər