Azərbaycan Mərkəzi Bankı (AMB) aqrar sığorta sistemi üzrə təkmilləşdirmə işləri aparmağı planlaşdırır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, bu işlər aqrar sığorta məhsulları üzrə çeşidin artırılmasını, risklərin idarə edilməsində innovativ metodların tətbiqini, bu sahəyə etimadın yüksəldilməsini ehtiva edəcək.
“Bizi narahat edən fiziki təhdidlərdir. Ölkəmizin yerləşdiyi mövqeyə görə təhdidlər təkcə temperaturun artması deyil, həm də yağıntılardakı dəyişikliklərdir. Bu da, özünü şoranlaşma və yaxud müxtəlif sığorta hadisələrinin, o cümlədən daşqın baş verməsi formasında göstərir. Bunlar, kənd təsərrüfatında məhsuldarlığı azalda, eyni zamanda qida məhsullarına əlçatanlığın azaldılması və onların bahalaşması yolu ilə əhalinin rifahına, xüsusən də kənd təsərrüfatında çalışan və regionlarda həyatı bu sahədən asılı olan əhalinin rifahına təsir göstərə bilər. Bütün bunların isə banklara dolayı yolla – kredit risklərinin artması formasında təsiri ola bilər. Bu baxımdan AMB həm bu risklərin tənzimlənməsi, həm də aşağı karbonlu sahələrin maliyyələşdirilməsi ilə bağlı “2024-2026-c illər üzrə Dayanıqlı maliyyə üzrə yol xəritəsi”ni qəbul edib”, – deyə sədr müavini əlavə edib.