2021-ci ilin ilk 9 ayı üzrə Azərbaycanın xalis maliyyə aktivləri $740.1 mln. artıb.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir
Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar $132.2 mln., portfel investisiyaları $388.2 mln. və digər investisiyalar $219.7 mln. hesabına formalaşır.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə $717.4 mln. azalmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (-$617.1 mln.), neft bonusu ($454.1 mln.), portfel investisiyaları (-$177.7 mln.) və digər investisiyalar (-$376.7 mln.) hesabına formalaşıb.
Mərkəzi Bank açıqlayır ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği $3.7 mlrd. təşkil edir.
Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84.2%-dir.
2021-ci ilin yanvar-sentyabr ayı üzrə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin $1 milyard 182.9 mln. azalması cəlb olunmuş investisiya ilə ($3 085.3 mln.) kapitalın repatriasiyası ($4 268.2 mln.) arasındakı fərqdən formalaşır.
Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği $579.3 mln. olub ki, bu da 16.5% illik artım dinamikasıdır.
Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri $388.2 mln. artmış, xalis maliyyə öhdəlikləri isə $177.7 mln. azalmış, nəticədə portfel investisiyaların axinları üzrə $565.9 mln. mənfi saldo yaranıb.
Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri $56.1 mln. artmış, xalis maliyyə öhdəlikləri isə $704.2 mln. azalmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri ($62.2 mln.) hesabına artmış, dövlət kreditləri ($283.2 mln.), dövlət zəmanətli kreditlər ($191.5 mln.), neft-qaz sektorunun kreditləri ($250 mln.) və müəssisələrin kreditləri (41.7 mln.) hesabına isə azalıb.
AMB bildirir ki, depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri $251.7 mln. artmış, xalis maliyyə öhdəlikləri isə $27.8 mln. azalmışdır.
Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən neft-qaz ($9.9 mln.), dövlət ($157.7 mln.), bank ($112.5 mln.) və özəl ($108.1 mln.) sektorların hesabına artmışdır. Öhdəliklər isə dövlət ($179.4 mln.) sektorunun hesabına azalmış və özəl ($1.7 mln.) sektorunun hesabına artıb.