9 C
Baku
Wednesday, December 11, 2024

AMB beynəlxalq “ISO20022 HACKATHON” tədbirində iştirak edir

Yeni rəqəmsal texnologiyaların tətbiqinin genişləndiyi son illərdə dünyanın aparıcı ölkələrinin maliyyə və ödəniş sistemlərində ISO20022 standartına keçid qlobal miqyasda bir trendə çevrilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ölkə prezidentinin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn prioritetlərin icrası çərçivəsində istifadəçidən istifadəçiyə əməliyyat proseslərini avtomatlaşdırmağa imkan verən maliyyə sisteminin universal mübadilə standartlarının (ISO20022) tətbiqinə başlanılıb. Bu istiqamətdə aparılan işlərin effektivliyinin təmin edilməsi məqsədilə AMB “Milli Ödəniş Sistemi infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiq edilməsi üzrə Tədbirlər Planı”nı təsdiq edib və Milli Ödəniş Sistemi iştirakçılarının daxili informasiya sistemlərində, elektron bankçılıq və korporativ müştərilər ilə ödəniş xidmətlərində ISO20022 standartının tələblərinə uyğunlaşdırılması üzrə təşkilati və texniki tətbiq işlərinə start verib.

Milli Ödəniş Sistemi infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiqi ilə yanaşı AMB xarici ölkələrdə də icra olunan anoloji layihələri və tədbirləri xüsusi diqqət mərkəzində saxlayır. Bu tədbirlərdən biri də Beynəlxalq Hesablaşmalar Bankının “BIS Innovation Hub” bölməsinin və SWIFT-in təşkilatçılığı ilə 12-19 mart 2021-ci il tarixlərində dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın nümayəndənin iştirakı ilə keçiriləcək “ISO20022 hackathon” tədbiridir.

Tədbirin ilk günü keçiriləcək seminarlarda SWIFT-in ISO20022 üzrə mütəxəssisləri korporativ və fiziki şəxslər arasında aparılan ödənişlərdə ISO20022 standartının tətbiq edilməsinin üstünlükləri və tələbləri barədə geniş məlumat verəcək, eyni zamanda, tətbiqi proqramlaşdırma interfeyslərinin (API) tətbiqi üzrə ən yaxşı təcrübələr haqda təqdimatlar keçirəcəkdir.

Tədbirdə iştirakçı komandalar ISO20022 standartına uyğun olaraq tərtib edilmiş ödəniş mesajlarından və API-dən istifadə edərək ölkələrarası ödəniş həlləri hazırlayacaq. Bu tədbirdə AMB-nin və ölkənin bank sektorunun ödəniş sistemləri və informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislərindən ibarət 6 komanda iştirak edir. ISO20022 standartı üzrə komandalararası qlobal yarış 13-19 mart 2021-ci il tarixlərində baş tutacaq və yarışa hakimlik nüfuzlu qurumların (Federal Reserve Bank, Payments Canada, Bank of England, European Central Bank, DBS, SWIFT və digər) nümayəndələri tərəfindən ediləcək.

Bu kimi beynəlxalq tədbirlərdə iştirak qabaqcıl təcrübənin öyrənilməsinə, həmçinin Milli Ödəniş Sistemi iştirakçılarının ISO20022 standartına keçid prosesində daha innovativ həllər hazırlamasına və tətbiqinə öz töhfəsini verəcək.

Son xəbərlər
Digər xəbərlər