AMB blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sistemini 2020-ci ilədək tətbiq edəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sistemini 2019-cu ilin sonunadək tətbiq etməyi planlaşdırır. Banker.az bildirir ki, bunu AMB-nin baş informasiya inzibatçısı Fərid Osmanov deyib.
«Hazırda sistemin yaradılması üzərində fəal iş gedir. Bunun üçün işçi qrupa ölkənin 8 kommersiya bankı və bir sıra dövlət qurumları cəlb olunub. Sistem müştəri haqqında lazımi informasiyanın kredit təşkilatlarına ötürülməsini tezləşdirməyə və bürokratiyanı azaltmağa imkan verəcək. Gələcəkdə sistem genişləndirilərək başqa sahələrdə də tətbiq edilə bilər. Rəqəmsal İdentifikasiya Sistemi gələn ilin sonunadək tam hazır olacaq», – deyə o, bu gün Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda bildirib.
F.Osmanov əlavə edib ki, bu ilin sonunadək AMB sözügedən sistemin prototipini yaratmağı və təqdimatını keçirməyi planlaşdırır.
«2018-ci ilin sonunadək biz Rəqəmsal İdentifikasiya Sisteminin ilkin prototipini yaratmağı və nümayiş etdirməyi, konsept formalaşdırmağı, eləcə də rəqəmsal transformasiya planı hazırlamağı planlaşdırırıq. Bu plan Blockchain texnologiyası əsasında aparılması nəzərdə tutulan əməliyyatların siyahısını hazırlamağa imkan verəcək», – deyə o qeyd edib.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı cari ilin iyul ayında blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması üçün podratçıları müəyyən edib. 3 lotdan ibarət açıq tenderin 1-ci (blockchain əsaslı identifikasiya sisteminin yaradılması üzrə ekspert xidmətinin cəlb edilməsi) və 3-cü (blockchain əsaslı rəqəmsal identifikasiya sisteminin yaradılması) lotları üzrə “IBM East Europe/Asia Ltd”, 2-ci lot (blockchain əsaslı rəqəmsal identifikasiya sisteminin yaradılması məqsədilə texniki platformanın satın alınaraq qurulması) üzrə isə “Sanmar Elektrik ve İnşaat Malzemeleri Sanayi Dış Ticaret Limited” şirkətləri qalib elan edilib.
Tenderin şərtlərinə əsasən 1-ci lot üzrə qalib 6 ay ərzində blockchain əsaslı rəqəmsal transformasiya planı hazırlamalıdır.
2-ci lot üzrə qalib 3 ay ərzində AMB-nin binasında sistemin texniki platformasını qurmalıdır.
3-cü lot üzrə qalib 18 ay ərzində blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sistemi yaratmalıdır.
©İnterfaks-Azərbaycandan