30 C
Baku
Friday, July 19, 2024

AMB: BOKT sektorunda təmərküzləşmə var, borclar artır

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi üzrə 2021-ci il üzrə hesabatına istinad edir.

Bütövlükdə bank olmayan kredit təşkilatlarının “AqrarKredit” QSC nəzərə alınmadan  maliyyə sistemində aktivlərinə görə bazar payı 1%-dən kiçikdir.

Fəaliyyət göstərən 99 bank olmayan kredit təşkilatından 14-ü xarici kapitallıdır ki, onların da 11-də xarici kapitalın payı 50%-100% arası təşkil edir.

2021-ci ilin sonuna BOKT-lərin sayı 56, Kİ-nın sayı isə 43 olmuşdur. İl ərzində BOKT işçilərinin sayı 327 nəfər artaraq 2 563 nəfər, filial sayı isə 19 ədəd artaraq 266 ədədə çatmışdır. Hesabat dövrü ərzində 9 yeni BOKT-ə lisenziya verilmiş, 1 BOKT-in lisenziyası isə ləğv edilmişdir.

Mərkəzi Bank bildirir ki, BOKT sektorunda pandemiyanın səbəb olduğu iqtisadi daralma, ötən il artım ilə əvəzlənmişdir. Ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri il ərzində 23.1% (73 mln. manat) artaraq 389 mln. manat təşkil etmişdir. Artımın əsas drayveri xalis kredit portfeli olmuşdur. İl ərzində xalis kredit portfeli 30.3% (68 mln. manat) artmışdır ki, artım əsasən istehlak kreditləri hesabına formalaşmışdır (59 mln. manat).

2021-ci ildə istehlak kreditləri BOKT-lərin portfelində əsas yeri tutmaqda davam edir. 2021-ci ilin sonuna BOKT-lərin kredit portfelinin 61%-i (201.8 mln. manat) istehlak kreditləri, 39%-i (131.3 mln. manat) isə biznes kreditləri təşkil edir. Biznes portfelinin 33.1%-i (43.4 mln. manat) kənd təsərrüfatı, 25.1%-i (33.0 mln. manat) qeyri-istehsal və xidmət sahələrinin, 20.4%-i (26.8 mln. manat) isə ticarət sahəsinə verilmiş kreditlər təşkil edir.

BOKT sektorunda təmərküzləşmə əlamətləri müşahidə olunur.Sektorda fəaliyyət göstərən BOKT-lardan aktivlərinin məbləği 10 mln. manatdan yüksək olan cəmi 12 kredit təşkilatı mövcuddur ki, bu təşkilatlar BOKT sisteminin 71.4%-i (277.6 mln. manat) təşkil edir. Həmçinin aktivlərinin məbləği 2 mln. manatdan aşağı olan 26 BOKT mövcuddur ki, bu təşkilatlar sektorun yalnız 6.6%-i təşkil edir. Təmərküzləşmənin əsas səbəbi BOKT sektorunun iştirakçılarının sayının yüksək olmasına baxmayaraq, kiçik BOKT-lərin yeni kredit verilişini səngitməsi və passiv fəaliyyətidir.

Sektorun öhdəlikləri artmışdır. Sektorun öhdəlikləri il ərzində 28% (49 mln. manat) artaraq 224 mln. manat təşkil etmişdir ki, artmanın əsas səbəbi qiymətli kağızlardır. Belə ki, qiymətli kağızların öhdəliklərdə payı ötən illə müqayisədə 8 f.b. artaraq 20.5%-ə çatmışdır. Qiymətli kağızlarda artım məhdud sayda BOKT-də cəmləşmişdir. Cari il ərzində sektorun xarici borcu 70% (6 mln. manat) artaraq 14 mln. manat olmuşdur.

BOKT sektorunun öhdəliklərinin 34.4%-ni banklar və digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlər təşkil edir. Öhdəliklərin əsas komponentlərindən biri də mərkəzi idarəetmə orqanlarının vəsaitləridir. Bunun bir səbəbi fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı Prezident Fərmanının icrası ilə əlaqədar restrukturizasiya olunmuş kreditlər qarşılığında BOKT sektorunun mərkəzi bank qarşısında öhdəlikləridir.

Post-pandemiya dövründə kredit portfelinin keyfiyyətində yaxşılaşma müşahidə edilmişdir. Belə ki, 2021-ci ildə sektorun qeyri-işlək kredit portfeli 15.0% azalaraq 70.3 mln. manat təşkil etmişdir. Qeyri-işlək kreditlər əsasən biznes sektorunda cəmlənmişdir. Belə ki, istehlak kreditləri üzrə QİK-in həcmi 28.5 mln. manat, biznes portfeli üzrə isə 41.8 mln. manat təşkil edir.

Sektor mənfəət generasiya etməyə davam edir. 2021-ci ildə sektor 10.1 mln. manat mənfəət generasiya edib ki, analoji göstərici ötən ilin sonunda 9.9 mln. manat təşkil edirdi. İlin sonuna sektorun ROA və ROE göstəriciləri müvafiq olaraq 2.6% və 6.1% təşkil etmişdir.

 

Son xəbərlər
Digər xəbərlər