Azərbaycan Mərkəzi Bankı (AMB) xarici şərtlərin milli iqtisadiyyata və ölkədəki inflyasiya proseslərinə təsirlərinin “müxtəlif” olduğunu bildirir.
Bu barədə Banker.az-a AMB-nin faiz dəhlizinin parametrləri ilə bağlı İdarə Heyətinin 19 mart 2021-ci il tarixli qərarına şərhdə qeyd edilir.
Requlyator olan AMB bildirir ki, dünya bazarında neftin qiymətinin artım meylinin davam etməsi tədiyə balansına müsbət təsir edir və valyuta bazarındakı tarazlığı dəstəkləyir.
OPEC+ razılaşması və dünya iqtisadiyyatının bərpası kimi gözləntilərin təsiri altında neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 60 ABŞ dollarını, mart ayının ötən dövründə isə 67 ABŞ dollarını üstələyib. Aparıcı analitik mərkəzlər özlərinin son hesabatlarında cari ilə neft istehlakı və qiyməti proqnozlarını bir qədər artırılıb.
Dünya ərzaq qiymətlərinin yüksəlməsinin davam etməsi daxili inflyasiyaya artırıcı təsir edir. Dünya ərzaq qiymətləri yanvar-fevralda 6.9%, son 12 ayda 16.7% yüksəlmişdir. Ən yüksək illik bahalaşma yağ (51%) və un məhsulları üzrə (26.5%) qeydə alınmışdır. Dünya bazarında buğdanın bahalaşmasının daxili inflyasiyaya təsirini azaltmaq üçün buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha bir il müddətinə əlavə dəyər vergisindən azad edilmişdir.
“Qlobal iqtisadiyyatda, o cümlədən tərəfdaş ölkələrdə iqtisadi artımın bərpasının qeyri-neft ixracı və investisiya axınları vasitəsilə Azərbaycanda tələbin dinamikasına artırıcı təsir göstərəcəyi gözlənilir. Digər tərəfdən yaradılmış beynəlxalq nəqliyyat infrastrukturundan daha aktiv istifadə və mart ayının 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişinin qüvvəyə minməsinin ölkəmizin qeyri-neft ixracının genişlənməsinə müsbət təsir göstərəcəyi gözlənilir”- deyə AMB-nin şərhində deyilir.
Mərkəzi Bank ötən toplantıdan bəri ticarət tərəfdaşı olan ölkələrin maliyyə bazarlarında vəziyyət stabil olduğunu, bu ölkələrin əksəriyyətində pul siyasətinin yumşaldılmasının dayandırıldığını qeyd edir.








