Yaranan yeni qlobal iqtisadi reallıqların Azərbaycan iqtisadiyyatına təsirləri birtərəfli olmayıb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir.
Bir tərəfdən yüksək qlobal əmtəə qiymətləri və daşınma-logistika xətlərində problemlərin artması Azərbaycanda da inflyasiya təzyiqlərini artırıb.
Digər tərəfdən Azərbaycanın əsas ixrac məhsullarının bahalaşması ölkənin tədiyə balansına, valyuta bazarında tarazlığa və iqtisadi aktivliyə pozitiv təsir göstərmişdir.
9 ayda tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 30.7%-i səviyyəsində profisit yaranıb. Sonrakı aylarda da xarici sektorda müsbət proseslər davam edib.
Ümumilikdə ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23.5 mlrd. ABŞ dolları məbləğində və ya ötən ilin müvafiq dövrünə nəzərən 2.5 dəfə çox müsbət saldo yaranmışdır.
Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 11 ayda 12.3% və ya 6.5 mlrd. ABŞ dolları artaraq 59.8 mlrd. ABŞ dollarına çatmışdır.
2022-ci ildə ölkədə iqtisadi fəallıq yüksək qalmış, onun perspektivləri ilə bağlı gözləntilər nikbin olmuşdur. 2022-ci ilin 11 ayında ümumi daxili məhsul real ifadədə 4.8%, o cümlədən qeyri-neft sektoru üzrə 9.2% artmışdır. Qeyri neft-qaz sektorunun ticari sahələri olan qeyri neft-qaz sənayesində 5.3%, kənd təsərrüfatında 3.4%-lik artım baş vermişdir.
İqtisadi aktivliyin yüksək qaldığını Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqi də təsdiqləyir. Monitorinqə görə cari ilin 11 ayında biznes inamı indeksinin orta göstəricisi qeyri-neft sənayesi, ticarət və xidmət sektorlarında ötən ilin eyni dövrü ilə müqayisədə yaxşılaşmışdır.
Qeyri-neft sənaye müəssisələrində istehsal güclərinin yüklənmə səviyyəsi ötən ilin eyni dövrünə nəzərən yüksəlmişdir. 2022-ci ildə məcmu tələbin bütün komponentləri iqtisadi artımı dəstəkləmişdir.
Məcmu tələbin genişlənməsi müxtəlif sektorlarda özünü fərqli göstərmişdir. 2022-ci ilin 11 ayında ötən ilin eyni dövrünə nəzərən cəmi istehlakın əsas göstəricisi olan pərakəndə ticarət dövriyyəsi real ifadədə 3%, qeyri-neft investisiyalarının həcmi isə 24.5% artmışdır. Son rüblər istehlakçı inamı indeksinin yaxşılaşması qeydə alınmışdır. Qeyri-neft ixracı isə 11 ayda ötən ilin müvafiq dövrünə nəzərən 13.9% artmışdır. Cari ildə dövlət tələbi məcmu tələbin başlıca mənbələrindən biri olaraq qalmışdır. 11 ayda dövlət büdcəsi xərcləri ötən ilin eyni dövrünə nəzərən 16.4%, o cümlədən cari xərclər 11.6%, əsaslı xərclər 39% artmışdır. 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə dövlətin investisiya xərclərinin artırılması cari ilin 11 ayında iqtisadi aktivliyə əlavə dəstək vrib.