Azərbaycan Mərkəzi Bankı (AMB) bu il iyunun 22-də fəaliyyətini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən yeni inzibati binada davam etdirməsi fonunda digər inzibati binaları ilə bağlı vəziyyətə aydınlıq gətirib.
Qurumdan bildirilib ki, “Mərkəzi Bank haqqında” qanunun 2.2-ci maddəsinə əsasən AMB müstəqil balansa, nizamnamə fonduna və digər əmlaka malikdir.
Balansda olan əmlaka Mülki Məcəlləyə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqları həyata keçirilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, AMB-nin razılığı olmadan fondunun və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir.
Həmin qanunun 6.2-ci maddəsinə əsasən AMB iqtisadi müstəqilliyə malik olmaqla aktivlərinin satışından və yaxud onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. AMB-nin yeni izibati binasına köçmə prosesi ilə əlaqədar texniki işlərin tam başa çatdırılmaması ilə əlaqədar olaraq balansda olan digər inzibati binalarla bağlı hər hansı qərar qəbul edilməyib.






