27 C
Baku
Tuesday, July 23, 2024

AMB: “Kommersiya qurumları notlarımıza pul qoyub gəlir əldə edə bilər”

Təxminən 1 aydır ki, qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxslərinə Azərbaycan Mərkəzi Bankının (AMB) notlarına investisiya qoymaq imkanı yaradılıb.

Qurumun baş direktoru Əli Əhmədov bununla bağlı müsahibə verib:

– AMB-nin notları nədir və hansı məqsədlə buraxılır?

– Notlar pul siyasəti aləti olaraq dövriyyədə olan pul kütləsinin həcminin tənzimlənməsi yolu ilə inflyasiyanın sabitliyinə nail olmaq məqsədilə 1 illik müddətə qədər buraxılmış qiymətli kağızlardır. Notlar 4 fərqli müddətdə – 1 aylıq, 3 aylıq, 6 aylıq və 9 aylıq müddətdə emissiya olunur və həftədə 4 dəfə “Bakı Fond Birjası” QSC-də təşkil edilən hərraclar vasitəsilə yerləşdirilir. Son hərraclarda formalaşmış qiymətlərə uyğun olaraq, notların gəlirliliyi 1 aylıq, 3 aylıq, 6 aylıq və 9 aylıq müddət üzrə müvafiq olaraq 7.55%, 7.86%, 8.43% və 9.31% təşkil edib.

Notlar maliyyə sistemində müşahidə edilən izafi likvidliyin sterilizasiyası məqsədilə buraxılması ilə yanaşı, qiymətli kağızlar bazarının dərinləşməsinə, girov bazasını genişlənməsinə və manatla gəlirlilik əyrisinin formalaşmasına da öz töhfəsini verir.

– Notlara kimlər investisiya edə bilir və investorlara nə kimi üstünlüklər verir?

– Bu ilin aprel ayına qədər notların investoru qismində yalnız ölkə ərazisində fəaliyyət göstərən kommersiya bankları çıxış edə bilirdisə, hazırda maliyyə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən bütün rezident kommersiya hüquqi şəxsləri vəsaitlərini notlara investisiya etməklə bu gəlirlilik imkanlarından yararlana bilərlər.

İnvestorlar üçün notlar risksiz maliyyə aləti hesab olunur və hüquqi şəxslərə qısa müddət ərzində yuxarıda qeyd edildiyi kimi yüksək gəlirlilik qazanmaq imkanı yaradır.

Notların təkrar bazarda da aktiv alqı-satqısı həyata keçirilir. Belə ki, notlara yüksək tələb nəzərə alınaraq, hərraclarda iştirakçıların sifarişlərinə müəyyən limitlər tətbiq edildiyindən, yüksək likvidliyə malik olan banklar hərraclarda müəyyən limitlə not əldə edirlər. Nəticədə, həmin banklar təkrar bazarda da aktiv not alışını həyata keçirirlər.

Bu amil not əldə etmiş hüquqi şəxslərə öz likvidliklərini effektiv idarə etməyə imkanı verir. Beləliklə, not əldə etmiş hüquqi şəxslər ya notları 1-9 ay ərzində özlərində saxlayaraq illik 7%-9% intervalında gəlir qazanmaq imkanı, yaxud da ehtiyac olduğu təqdirdə sahib olduqları notları tam həcmdə və ya biznesin cari tələblərinin ödənilməsi üçün lazım olan hissəni təkrar bazarda satmaqla bu alətə yatırdığı vəsaitləri vaxtından əvvəl geri götürə bilirlər. Bu zaman notları saxladıqları dövr üzrə hesablanmış faizlərlə yanaşı, bazar şərtlərinə uyğun olaraq satışdan da qazanc əldə etmək imkanı əldə edirlər.

Bundan əlavə hüquqi şəxslər banklarla repo əqdi bağlamaqla mülkiyyətində olan notlardan istifadə edərək müvəqqəti likvidlik ehtiyaclarını (məsələn, bir neçə günlük) təmin edə bilirlər. Qeyd edim ki, repo – qiymətli kağızların satışı və sonradan geri alışından ibarət əməliyyatdır. Bu zaman qiymətli kağızları alan tərəf əvvəlcədən müəyyən edilmiş tarixdə və qiymətə həmin qiymətli kağızları qarşı tərəfə geri satmağı öhdəsinə götürür.

Həmçinin notlar Mərkəzi Bankın qiymətli kağızları olaraq risksiz təminat qismində çıxış etdiyindən, sahibləri onları banklara girov qoymaqla kredit götürə bilərlər.

– Yeni investorların not hərraclarına marağı nə dərəcədədir?

– Notların investor bazası genişləndirildikdən sonra keçirilən hərraclarda artıq 10-a yaxın bank olmayan hüquqi şəxsin iştirakı qeydə alınıb. Yeni konfiqurasiyada not hərraclarının keçirilməsindən cəmi 1 ay keçməsinə baxmayaraq, bu dövr ərzində hərraclarda yerləşdirilmiş vəsaitlərin 11 %-i qeyri-bank təşkilatlarının payına düşüb. Hər növbəti hərracda yeni iştirakçıların iştirakı müşahidə edilir və bu tendensiyanın növbəti dövrlərdə də davam edəcəyini güman edirik.

– Notlardan istifadənin davam etdirilməsi və investor bazasının daha da genişləndirilməsi nəzərdə tutulurmu?

– Artıq qeyd etdiyim kimi, notları əldə edə biləcək investorların dairəsi bu mərhələdə məhdud çərçivədə müəyyən edilib. Əldə etdiyimiz məlumatlara əsasən, not əldə etmək hüququna malik olmayan digər kateqoriyalı kommersiya hüquqi şəxslər də not hərraclarına maraq göstərir. AMB notların investor bazasının genişləndirilməsinin nəticələrini davamlı təhlil edir. Pul bazarında gedən proseslərdən və AMB-nin pul siyasəti hədəflərinə nail olunması vəziyyətindən asılı olaraq gələcəkdə qurumun qiymətli kağızlarının yerləşdirilməsi şərtlərinə yenidən baxılması, o cümlədən notların investor bazasının genişləndirilməsi istisna edilmir.

İnvestor bazasının genişləndirilməsi bağlı AMB hər hansı qərar verəcəyi təqdirdə bu barədə ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq.

– Notların investor bazasının genişləndirilməsinin qiymətli kağızlar bazarına nə kimi təsirləri gözlənilir?

– Notların investor bazasının genişləndirilməsində əsas məqsəd AMB-nin pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi olsa da, bu dəyişiklik kapital bazarı üçün də müəyyən imkanlar yaradır. Belə ki, AMB-nin notlarının investor bazasının genişləndirilməsi notlara, o cümlədən notlarla həyata keçirilən repo/əks-repo əməliyyatlarına tələbin artmasına xidmət edəcək. Bu da öz növbəsində qiymətli kağızlar bazarının dərinliyinin və əməliyyat həcmlərinin artımına imkan verəcək. Bu istiqamətdə atılan addımlar uzunmüddətli perspektivdə həmin investorların kapital bazarının digər seqmentlərinə də marağının artmasına zəmin yaradacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər