Manatın nominal effektiv məzənnəsinin artması inflyasiyanın müəyyən qədər azalmasına təsir edə bilər.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Global Finance”a müsahibəsində bildirib.
“Apardığımız təhlillər daxili bazarda qiymətlərin xarici amillərlə əlaqədar yüksəldiyini göstərir. Aydındır ki, xaricdən qaynaqlanan inflyasiya təzyiqlərini cilovlamaqda AMB-nin pul siyasəti alətləri daha az səmərəli olacaq. Bu müddət ərzində Azərbaycan, yüksək qlobal ərzaq və enerji qiymətlərindən əhəmiyyətli dərəcədə təsirlənən əsas ticarət tərəfdaşlarından inflyasiya idxal edib. Əsas strategiyamız uçot dərəcəsini artırmaqla tələb amillərini nəzarət altında saxlamaqdır. Bundan başqa, xarici valyuta təklifinin həddindən artıq olduğu dövrlərdə yerli valyutanın məzənnəsinin sabitliyini qoruduq”, – deyə o qeyd edib.
T. Kazımov bildirib ki, neft gəlirləri məcmu tələb kanalı vasitəsilə inflyasiyaya birbaşa təsir göstərmir.
“İnstitusional çərçivəyə uyğun olaraq, Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) bütün neft və qaz gəlirləri toplanır və həmin gəlirin əvvəlcədən müəyyən edilmiş məbləğini büdcə qaydasına uyğun olaraq dövlət büdcəsinə köçürür”, – deyə baş bankir əlavə edib.