25 C
Baku
Wednesday, September 10, 2025

AMB “Manato.az”ın (SF Azerbaijan) vəzifəli şəxsini cərimələdi

Azərbaycanda xırda kreditlər verən “Manato.az” və ya hüquqi adı ilə “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunub.

Banker.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “SF Azerbaijan” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilmişdir.

Qeyd edilən məsələ ilk dəfə deyil “SF Azerbaijan” BOKT ilə bağlı qaldırılır.  Cari ilin martında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmişdi. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinə əsasən, “SF Azerbaijan” BOKT MMC 50 000 manat, onun vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə olunmuşdu.

2024-cü ilin yayında “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilmişdi.

Xatırladaq ki, “SF Azerbaijan” BOKT 2021-ci ildə 300 000 manat nizamnamə kapitalı ilə Latviyanın Riqa şəhərində qeydiyyatda olan “Sun Finance Central Asia, AS” tərəfindən yaradılıb. BOKT-nin səhmdarları 95% ilə “AS HSFCA”, 2.5 faizlə Rüfat Quliyev Faiq oğlu və 2 faizlə Kristis Krumisə məxsusdur.

Manato.az (SF Azerbaijan) – bank kreditoru olmayan, gözlənilməz xərclərin yarandığı vəziyyətlərdə kredit təklif edən təşkilatdır. Təşkilat 1, 2 və 4 həftəlik kreditlər təklif edir. Məsələn, ilk müştəri olduğunuz təqdirdə bir aylıq 1000 manatlıq borc üçün 50 manat faiz borcu və üstəlik borcalanın üzərinə 120 manat komissiya ödənişi qoyur. Nəticədə, borcalanın 50+120=170 manat bir aylıq borc üçün ödəniş məcburiyyəti ortaya çıxır.

BOKT-da maliyyə vəziyyəti

BOKT 2024-cü ildə 37.74 milyon manat xalis mənfəət əldə edib. Halbuki, hesabat ilindən öncəki dövrdə 315 min manat zərər ilə tamamlamışdı.

BOKT-nin illik hesabatına istinadən xəbərə görə, onun faiz gəlirləri 2024-cü ildə 93.71 milyon manat olub ki, bu da əvvəlki ilin göstəricisi olan 10.27 milyon manatla müqayisədə 813% və ya 83.44 mln. manat artım deməkdir. Faiz xərcləri 2023-cü ildə 723 min manat olduğu halda, 2024-cü ildə bu rəqəm 2.91 mln. manata yüksəlib. Nəticə etibarilə, xalis faiz gəliri 90.8 mln. manata çataraq 2023-cü ildəki göstəricidən 9.5 dəfə və ya 81.25 mln. manat artıb. Kreditlər üzrə gözlənilən zərərlərə ayrılan ehtiyatlar 2023-cü ildə 3.032 mln. manat olduğu halda, 2024-cü ildə bu rəqəm 22.07 mln. manata çatıb.

Balans hesabatına əsasən, “SF Azerbaijan”ın aktivləri 2023-cü illə müqayisədə 4 dəfə artaraq 20.25 manatdan 81.62 mln. manata yüksəlib. Bu artımda əsas rolu müştərilərə verilmiş kreditlər oynayıb – bu göstərici 16.16 mln. manatdan 57.84 mln. manata yüksəlib, yəni 258% artım baş verib. Nağd vəsaitlər isə 362% artaraq 14.42 mln. manata çatıb.

Son xəbərlər
Digər xəbərlər