AMB-nin baş direktoru sığortanın bank sektorundan geri qalmasının “niyəsini” açıqladı

Hər bir ölkədə iqtisadiyyatın əsas lokomativi əsasən iki maliyyə institutu hesab olunur – bank və sığorta. Hətta bir çox ölkədə sığorta sektoru kapitallaşması və inkişaf sürətinə görə bank sektorunu geridə qoyur.

“Ölkəmizdə sığorta sektoru ilə bank sektorunun inkişafı arasındakı disbalansın başlıca səbəbləri nə ola bilər və bu balansın təmin edilməsi, maliyyə inklüzivliyinin təmin olunmasında sığorta sektorunun rolunun artırılması, sektorun ÜDM-dəki payının yüksəldilməsi məqsədi ilə sığortada gəlirliliyin, perspektivin artırılması istiqamətində sektor öz-özlüyündə hansı addımları atmalıdır?” – sorğusuna (Report-un) Mərkəzi Bankın baş direktoru Ziya Əliyev belə cavab verib:

“Bank sistemi ilə sığorta bazarının inkişaf səviyyəsində olan fərqlər bir sıra fundamental amillərlə bağlıdır. Bunun bir hissəsi obyektiv səbəblərdir, bir hissəsi də subyektiv nüanslardır. Bu iki sektorun inkişaf tempi ölkədəki adambaşına düşən gəlir səviyyəsindən bilavasitə asılıdır. Bildiyiniz kimi, adambaşına düşən gəlirlərin müəyyən səviyyəsində iqtisadiyyatda bank xidmətlərinə tələb daha çox olur, nəinki sığorta xidmətlərinə. Daha konkret desək, adam başına düşən gəlir səviyyəsi 5 000 ABŞ dolları olan ölkələrdə bank sisteminin məhsullarına olan tələbin həcmi sığorta məhsullarına olan tələbin həcmindən daha çoxdur. Əsasən bu səbəbdəndir ki, bank sektoru sığorta sektoruna nəzərən hazırda daha çox inkişaf edib. Biz eynilə gəlir səviyyəsi Azərbaycandan bir qədər yüksək olan ölkələrə baxsaq, orada bank sektorunun iqtisadiyyatda penetrasiyasının sığorta sektorundan dəfələrlə çox olduğunu görərik. Çexiyada, eləcə də Şərqi Avropa ölkələrində bank sektorunun həcmi sığorta sektorunu dəfələrlə üstələyir. Bu, obyektiv səbəblərdir.

Ziya Əliyev2
Ziya Əliyev

Subyektiv səbəblərə gəldikdə isə, təbiidir ki, sığorta sektoru ilə bank sektoru arasında kifayət qədər fərq var. Sığorta sektorunun inkişafı üçün inam faktoru daha çox önəm kəsb edir. Çünki insanlar risklərini sığorta şirkətlərinə ötürürlər və qarşılığında da pul ödəyirlər ki, sığorta şirkətləri onların risklərini təminat altına alsın. Göründüyü kimi, sığorta bir qədər inama dayanan bir bazardır. Eyni zamanda məlumatlılığa, savadlılığa, risk mədəniyyətinə söykənən bir prosesdir. Ona görə də cəmiyyət inkişaf etdikcə, insanların məlumatlılığı, maliyyə savadlılığı və gəlir səviyyəsi də artdıqca sığorta xidmətlərinə tələb də artmağa başlayır.

 

Ümumilikdə isə maliyyə qurumlarının bazar gücü iki istiqamətdə formalaşır – bir onların malik olduğu maliyyə kapitalında, aktivlərində və onların keyfiyyətində, bir də onların uzun illər ərzində formalaşdırdıqları sosial kapitalda. Sığorta şirkətlərinin maliyyə gücü onların nə dərəcədə maliyyə kapitalına malik olması, aktivlərini nə dərəcədə doğru istiqamətlərdə yerləşdirməsindən asılıdır. Şirkətlərin kapitalının digər növü isə sosial kapitaldır. Yəni burada potensial sığortaolunanların sığorta şirkətlərinə olan inamı nəzərdə tutulur. Hesab edirəm ki, sosial kapitala da investisiya etmək lazımdır. Necə ki, sığorta şirkətlərinin sahibləri şirkətə pul yatıraraq onu gücləndirirlər, eyni zamanda da sosial kapitalın artmasına da investisiya qoyulmalıdır ki, bu da artmış olsun. Yəni sığorta istehlakçılarının sığorta bazarına, sığorta məhsullarına, sığorta şirkətlərinə inamı artsın. Bu kapital sığorta bazarının inkişaf etdirilməsi üçün çox mühümdür. Requlyator olaraq biz də sığortaşıları yönləndirəcəyik ki, bu kapitala investisiya edilsin.

 

Sığorta şirkətləri biznesə yanaşma fəlsəfələrini də inkişaf etdirməlidirlər. Yəni onların fəlsəfəsində qısamüddətli pul qazanmaq, təkcə mənfəəti artırmaq deyil, sosial kapitalın inkişaf etdirilməsi əsas yer tutmalıdır. Məsələn, deyək ki, şirkətlər sığorta məhsulu satır, qarşılığında sığorta yığımı əldə edirlər. Sonra sığorta hadisələri baş verir və sığorta ödənişləri həyata keçirilməli olur. Sığorta şirkətləri həmin o sığorta ödənişlərinə xərc kimi, gəlirin itirilməsi kimi baxmamalıdırlar. Onlar buna investisiya kimi baxmalıdırlar. Şirkətlər sığorta hadisəsi zamanı sığortalılarla ədalətli rəftar etməlidirlər ki, onlara inam formalaşsın. Ədalətli yanaşma olmasa təbii ki, inam formalaşmayacaq və nəticədə sosial kapital da artmayacaq. Və sosial kapital üzərində qurulmayan bir biznes inkişaf etməyəcək. Sığorta fəaliyyəti də məhz sosial kapital üzərində qurulan bir biznes sahəsidir. Ona görə də hesab edirəm ki, sığorta şirkətləri sosial kapitala investisiyanı artırmalıdırlar”.

Son xəbərlər
Digər xəbərlər