7 C
Baku
Thursday, December 12, 2024

AMB-nin İdarə Heyəti faiz dərəcəsinə dair qərarını verir – “Sərtləşmə” mümkündürmü?

BANKER.AZ – Azərbaycan Mərkəzi Bankı cari ildə səkkizinci dəfə faiz dərəcəsinin parametrlərinə dair qərar verəcək.

AMB İdarə Heyəti cari ilin uçot dərəcəsi üçün 8 dəfə iclas planlamışdı. Son 6 iclasda gözləmə mövqeyində dayanıb. Sonuncu dəfə 2020-ci ilin dekabrındakı axırıncı iclasda faiz dərəcəsini 0.25% bəndi azaldaraq 6.25%-ə qədər endirmişdi. Son iki iclasda isə sərtləşməyə getdi.

Beləliklə, 17 sentyabrdakı iclasda AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə, 29 oktyabrdakında isə uçot dərəcəsini 0.5% bəndi artırmaqla 7%-ə, faiz dəhlizinin aşağı həddi 0.25% bəndi artırmaqla 6%-ə, yuxarı həddi isə 1% bəndi artırmaqla 8%-ə yüksəltmişdi.

Bildiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı iqtisadiyyatın qısa və ortamüddətli dövrdə inkişaf perspektivləri, habelə inflyasiyanın risk balansında dəyişiklikləri nəzərə almaqla faiz dərəcəsinə dair qərar qəbul edir. AMB son iclasında da açıqladı ki, növbəti qərarlarda da bunlar nəzərə alınacaq.

İnflyasiya Azərbaycanda Mərkəzi Bankın hədəf çərçivəsindən kənardadır artıq. Məsələn, ilin əvvəlində AMB-nin press-relizlərində bu məsələyə xüsusi yer ayrılırdı ki, 2%-6% arası requlyatorun hədəf çərçivəsidir. Dövlət Statistika Komitəsi açıqladı ki, Azərbaycanda 2021-ci ilin yanvar-noyabr tarixində istehlak malları indeksi 106.2%-dir, yəni illik inflyasiya 6.2%-ə çatıb.

Mərkəzi Bank dekabrdakı iclasında faiz dəhlizinin parametrlərinə dair qərarını inflyasiyanın risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcəyini deyib.

Banker.az analitikləri bildirir ki, Mərkəzi Bank bu iclasda 0.25-0.50% bəndi uçot faiz dərəcəsini artıra bilər.  

“Çünki, AMB, özü də risk balansında dəyişikliklər baş verdiyi təqdirdə uçot dərəcəsinin növbəti toplantılarda da qaldırılacağını istisna etmədiyini bildirib. Requlyator hazırkı inflyasiya riskini nəzərə almalıdır. Buna görə monetar sərtləşməyə əl ata bilər” – deyə analitiklər bildirir.

Noyabr ayı üzrə, illik inflyasiya iki rəqəmli – 11.1% müşahidə edilir. İndeksdəki artımı tətikləyən əsas amil isə qida məhsullarının 15.2% bahalaşmasıdır.

AMB oktyabrdakı iclasda bildirmişdi ki, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər (su, benzin, dizel, təbii qaz –red), həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 3.3% idi. Qeyd edilir ki, inflyasiyanın xarici fonu qeyri-əlverişli olaraq qalır. Bu fon əsasən dünya birja əmtəələrinin sürətlə bahalaşması və qlobal təchizat zəncirində olan problemlərlə xarakterizə olunur.

Enerji daşıyıcılarının sürətlə bahalaşması enerji idxal edən ölkələrdə, o cümlədən Azərbaycanın ticarət tərəfdaşı olan enerji idxalçılarında inflyasiya proseslərinin sürətlənməsinin əsas səbəblərindən biridir.

“İqtisadiyyatda inflyasiya təzyiqlərinin yüksəlməsi ölkədə bütün alt qruplar üzrə baş verir” – deyə AMB bildirmişdi.

Yeri gəlmişkən, ölkəmizin ixracatında əsas paylardan birinə sahib Türkiyədə inflyasiya 20% üzərində cərəyan edir. Bu ölkədə vəziyyət bir qədər fərqlidir. Buna baxmayaraq, ölkənin mərkəzi bankı faiz dərəcələrini 16%-ə qədər azaltmaqla tədiyyə balansındakı kəsrləri yumşaltmağa çalışır.

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini oktyabrın sonuna 0.75 bənd artıraraq 7.5%-ə qaldırıb. Rusiyada da uçot faiz dərəcəsinin artımına inflyasiya əsas səbəbdir. Ölkə bankı bildirmişdi ki, 2021-ci ilin sonunda inflyasiyanın 7.4-7.9% aralığında olması gözlənilir.

AMB qeyd edir ki, yenilənmiş proqnozlara görə cari ildə orta illik inflyasiya 6.2-6.5%, illik inflyasiya isə 9.5-10.5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə fundamental amillərin dəyişməz qalması şərtilə illik inflyasiya 5-6% səviyyəsində proqnozlaşdırılır.

Mərkəzi Bank sərt pul siyasətinə əl atmaqla inflyasiyanın məhdudlaşdırılması və onun hədəf diapazonuna qaytarılması istəyini artıq öncəki iclaslarda ictimaiyyətə açıqlayıb.

Azərbaycanda pul bazasının həcmi noyabrda 342 milyon manat, yaxud 2.34% azalmaqla 14 milyard 279 milyon manata düşüb. AMB onu da bildirmişdi ki, pul bazasının izafi genişlənəcəyi halda requlyator ilin sonuna doğru özünün sterilizasiya əməliyyatlarını aktivləşdirməyi nəzərdə tutur.

Qeyd edək ki, Mərkəzi Bank bu həftənin son iş günü 17 dekabr tarixində faiz dərəcəsinə dair qərarını açıqlayacaq.

Son xəbərlər
Digər xəbərlər