Azərbaycan Mərkəzi Bankının (AMB) bu gündən etibarən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddinin 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərarı yalnız depozit hərraclarında cəlb olunan vəsaitlərin ucuzlaşmasına (faizlərin düşməsinə) gətirib çıxaracaq.
Yerli analitika qrupu Report bildirir ki, faiz dəhlizi mərkəzi bankların kommersiya banklarından borclanma və borcvermə faizləri diapazonunu əks etdirir. Dəhlizin aşağı həddi, yəni bankların AMB-yə borcvermə faizinin endirilməsi onu göstərir ki, bundan sonrakı depozit hərraclarında faizlər aşağı düşməyə başlayacaq.
Faiz dəhlizinin yuxarı həddinin sabit saxlanılması isə AMB-nin banklara aşağı faizlə borc verməyi düşünmədiyini göstərir (mayın 1-nə mərkəzləşmiş borclanma 6 586,2 mlrd. manat təşkil edib). Həmçinin, yuxarı həddin azaldılmaması kommersiya banklarının əhalidən cəlb etdiyi əmanət və depozit faizlərini yüksək səviyyədə saxlamasına səbəb olacaq. Bu da onu göstərir ki, bankların likvidlik, xüsusilə də manat vəsaitlərinə ehtiyacı yüksəkdir.
Analitika qrupu hesab edir ki, AMB qısamüddətli perspektivdə faiz dəhlizinin yuxarı həddini azaltmayacaq. Belə ki, dünya bazarında neftin qiymətinin düşməsi, ticarət tərəfdaşı olan ölkələrdə dolların möhkəmlənməsi səbəbindən manatın real effektiv məzənnəsinin artması buna imkan verməyəcək. Banklar faizləri aşağı salmağa başlasalar, onsuz da aşağı səviyyədə olan manat depozitlərindən çıxış baş verəcək və dollara tələbat artacaq. “Müşahidə olunan odur ki, manata yüksək faiz təklif edilməsinə baxmayaraq, əhalinin dollar tələbi yüksəkdir. Əhali dollara təklif edilən faizin 3%-i keçməsinə baxmayaraq, manata keçməyi düşünmür. Manatın etibar qazanması isə Mərkəzi Bank tərəfindən uzunmüddətli gərgin əmək tələb edir”, – deyə analitiklər vurğulayıblar.