Azərbaycan Mərkəzi Bankı (AMB) kiberinsidentlərin daha effektiv tənzimlənməsi və qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsində maraqlı olduğunu bildirib.
Bu barədə AMB-nin informasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi (DİN) ilə birgə Mərkəzi Bankın yanında işçi qrupu yaradılıb ki, bu da uğurla fəaliyyət göstərir və müsbət nəticələr verir.
“Bizə və ya DİN-ə vəsaitin rəqəmsal oğurluğu ilə bağlı şikayət daxil olarsa, biz bank sektorunun rəqəmsal komandaları ilə birgə operativ reaksiya veririk. Bizim əsas məqsədimiz oğurlanmış vəsaitin ölkə xaricinə çıxarılmasına yol verməmək və onların dondurulmasını təmin etməkdir”, – E.Eyvazlı qeyd edib.
O bildirib ki, məhkəmə qərarı əsasında vəsaitlər dondurulduqdan sonra zərərçəkmiş şəxsə qaytarılır: “Belə hallar az deyil. Lakin biz hesab edirik ki, gələcəkdə qanunvericiliyə dəyişikliklər edilməsi zəruridir. Tez-tez kart sahibinin kartı başqa şəxsə verməsi, sonra isə qadağadan xəbəri olmadığını bildirməsi halları yaranır. Belə hallarda kartlar bloklanır”.