Mərkəzi Bank tərəfindən təsdiqlənən yeni qaydalara əsasən, vətəndaşlara məsafədən istehlak krediti götürməyə və kredit limitini artırmağa könüllü məhdudiyyət (özünəqadağa) tətbiq etmək imkanı yaradılır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar Davranışlarının Tənzimlənməsi departamentinin direktoru Tamerlan Əliyev deyib.
O, sözügedən dəyişikliklərin əsas məqsədindən, eləcə də istehlakçılar üçün yeni imkanlardan danışıb və bu kimi digər məsələrlə bağlı sualları cavablandırıb.
“Məlumdur ki, qlobal səviyyədə rəqəmsallaşma proseslərinin sürətli inkişafı ilə kibertəhdidlərin miqyası və dinamikasında da artım müşahidə olunur. Təəssüf ki, bəzi hallarda dələduzlar müştərinin hesabına giriş əldə etdikdən sonra müştəri hesablarında olan vəsaitlərlə kifayətlənmir və onun adından məsafədən kreditin də rəsmiləşdirilməsinə cəhd edirlər. 1 oktyabr 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək yeni dəyişikliklərin əsas məqsədi də məhz belə halların, həmçinin düşünülməmiş maliyyə qərarlarından qaynaqlanan risklərin qarşısını almaqdır. Beynəlxalq təcrübədə bir sıra ölkələrdə bu kimi risklərin qarşısını almaq üçün məsafədən kreditlərin verilməsinə özünəqadağa mexanizmi tətbiq olunur.
Ümumilikdə qəbul edilmiş dəyişikliklərin əsas hədəfi məsafədən kreditləşmə zamanı istehlakçıların maraqlarının və təhlükəsizliyinin daha etibarlı şəkildə qorunması, risklərin daha məsuliyyətli idarə edilməsi və bu sahədə əlavə qabaqlayıcı müdafiə mexanizmlərinin yaradılmasıdır”, – deyə Tamerlan Əliyev bildirib.
AMB rəsmisi dəyişikliklərin istehlakçılar üçün yeni imkanlarından da bəhs edib:
“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”na edilən dəyişikliklərə əsasən, vətəndaşlara öz adına məsafədən istehlak krediti rəsmiləşdirilməsinə və ya kredit limitinin artırılmasına könüllü qadağa tətbiq etmək imkanı yaradılacaq. Vətəndaşlar özünəqadağanı istənilən bir və ya bir neçə kredit təşkilatına (banka və ya bank olmayan kredit təşkilatına), istərsə də ölkə üzrə bütün kredit təşkilatlarına tətbiq edə biləcəklər. Bu da, öz növbəsində, şəxsi məlumatlardan qanunsuz istifadə nəticəsində yarana biləcək riskləri əhəmiyyətli dərəcədə azaltmağa töhfə verəcək”.
O vurğulayıb ki, yeni qaydalar yalnız məsafədən bağlanılan istehlak kreditlərinə, eləcə də mövcud istehlak kreditləri üzrə kredit limitlərinin məsafədən artırılmasına şamil edilir:
“Həmin qaydalar vətəndaşın kredit təşkilatına fiziki şəkildə müraciət etməsi yolu ilə rəsmiləşdirilən kreditlərə münasibətdə şamil edilmir. Yəni məsafədən verilən istehlak kreditlərinə özünəqadağanı tətbiq etmiş vətəndaşlar həmin qadağanı aradan qaldırmadan kredit təşkilatlarına yaxınlaşaraq istehlak kreditlərindən faydalana biləcəklər”.
T. Əliyev qeyd edib ki, məsafədən kreditlərin verilməsinə özünəqadağa mexanizmi iki formada tətbiq edilə bilər:
“Birinci halda vətəndaşlar istənilən kredit təşkilatına müraciət edərək yalnız həmin təşkilat üzrə qadağanı tətbiq edə biləcək. Bu halda qadağa vətəndaşın həmin kredit təşkilatında fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla bilər.
İkinci halda isə vətəndaşlar Azərbaycan Kredit Bürosunun elektron platforması (Findoc.az) və ya mobil tətbiqi üzərindən sorğu yerləşdirməklə eyni anda bütün kredit təşkilatlarında onların adına məsafədən kredit rəsmiləşdirilməsinə qadağa tətbiq edə biləcəklər. Bu növ özünəqadağa yalnız Azərbaycan Kredit Bürosuna qeyd olunan kanallardan biri ilə vətəndaşın müraciəti əsasında ləğv edilə bilər. Qeyd edək ki, bu halda özünəqadağanın aradan qaldırılması 24 saatdan sonra qüvvəyə minəcək”.
AMB rəsmisinin sözlərinə görə, yeni qaydalara əsasən, kredit təşkilatları məsafədən istehlak krediti verməzdən və ya kredit limitini artırmazdan əvvəl, ilk növbədə, müştərinin özünəqadağanı tətbiq edib-etmədiyini yoxlamalıdırlar:
“Bu məqsədlə həm kredit təşkilatının öz informasiya sistemlərində mövcud məlumatlardan, həm də kredit bürosunun informasiya sistemindən istifadə olunmalıdır. Azərbaycan Kredit Bürosu bu prosesdə mərkəzləşdirilmiş məlumat bazası rolunu oynayaraq vətəndaşın tətbiq etdiyi qadağanın bütün bazar iştirakçıları tərəfindən nəzərə alınmasına imkan yaradacaq”.
T. Əliyev eyni zamanda kredit təşkilatlarının qanunvericiliyin tələblərini pozaraq özünəqadağa tətbiq etmiş şəxsə məsafədən kredit verərsə və ya kredit limitini artırarsa, bunun hüquqi nəticəsindən də danışıb. O bildirib ki, yeni qaydalar bu kimi hallarda istehlakçının hüquqlarının qorunması üçün konkret müdafiə mexanizmi müəyyən edir:
“Belə ki, kredit müqaviləsinə, tətbiq edilmiş qadağaya baxmayaraq, istehlakçıya məsafədən kredit verilməsi və ya onun kredit limitinin artırılması hallarında borclunun verilmiş kredit üzrə öhdəlikdən azad edilməsini nəzərdə tutan müddəa daxil edilməlidir. Bu yanaşma kredit təşkilatlarının məsuliyyətini artırır və onların müəyyən edilmiş prosedurlara ciddi əməl etmələrini stimullaşdırır”.
Tamerlan Əliyevin sözlərinə görə, özünəqadağa mexanizmi könüllü xarakter daşıyır:
“Hər bir vətəndaş öz ehtiyacları və risk qiymətləndirməsi əsasında bu imkandan yararlanmaqda sərbəstdir. Bununla belə, kiberdələduzluq risklərindən əlavə qorunmaq istəyən şəxslər, yaşlı vətəndaşlar, rəqəmsal xidmətlərdən daha az yararlanan istifadəçilər, eləcə də şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı əlavə ehtiyat tədbirləri görmək istəyən istehlakçılar üçün bu alət xüsusilə faydalı ola bilər. Ümumilikdə, bu mexanizmin məqsədi vətəndaşlara öz maliyyə təhlükəsizliklərini idarə etmək üçün əlavə seçim və müdafiə imkanı təqdim etməkdir. Müasir rəqəmsal maliyyə ekosistemində belə alətlər istehlakçıların hüquqlarının qorunması baxımından mühüm müdafiə mexanizmlərindən birinə çevrilib”.
AMB rəsmisi bildirib ki, gözləmə müddəti deyildikdə kreditin rəsmiləşdirilməsi ilə kredit məbləğinin müştərinin hesabına mədaxil edilməsi arasındakı müddət nəzərdə tutulur. O vurğulayıb ki, gözləmə müddəti yalnız məsafədən rəsmiləşdirilən və ya limiti artırılan istehlak kreditlərinə tətbiq edilir:
“Gözləmə müddətinin tətbiqi, ilk növbədə, özünəqadağa tətbiq etməyən vətəndaşların adından dələduzlar tərəfindən məsafədən kredit rəsmiləşdirilməsi cəhdlərinin qarşısının alınmasına yönəlmiş əlavə təhlükəsizlik tədbiridir. Əgər gün ərzində məsafədən verilən və ya artırılan vəsaitin məbləği minimum əməkhaqqının iki mislinədək olduqda, vəsait 2 saat sonra, məbləğ bu həddi aşdıqda isə 24 saat sonra müştərinin hesabına mədaxil ediləcək. Bu müddət ərzində istehlakçı əməliyyatı diqqətlə nəzərdən keçirə, şübhəli hal aşkar etdikdə kredit təşkilatı ilə dərhal əlaqə saxlaya və mümkün risklərin qarşısını ala bilər.
Bununla yanaşı, gözləmə müddəti impulsiv (ani) maliyyə qərarlarının və alışların, habelə emosional təsir altında qəbul edilən borclanma davranışlarının qarşısını almaq məqsədini də daşıyır. Təcrübə göstərir ki, bəzi hallarda istehlakçılar marketinq kampaniyalarının cəlbediciliyi, ani ehtiyaclar və ya psixoloji amillərin təsiri ilə kredit götürmək barədə qərar qəbul edirlər. Gözləmə müddəti vətəndaşa kreditin həqiqətən zəruri olub-olmadığını düşünmək, alternativ variantları nəzərdən keçirmək və izafi borclanmadan qorunmaq imkanı yaradır. Beləliklə, bu müddət həm fırıldaqçılıqdan, həm də istehlakçının özünün kifayət qədər düşünülməmiş maliyyə qərarlarından qaynaqlanan risklərini azaldaraq daha məsuliyyətli kreditləşmə prosesinə şərait yaradır”.







