6 C
Baku
Monday, December 16, 2024

AMB sədri: Azərbaycan manatı devalvasiya edilməyəcək

Manatın məzənnəsinin müəyyənləşdirilməsində bivalyutalı səbətə keçid yeni bir maliyyə innovasiyası deyil. Xatırlatmaq istəyirəm ki, 2008-2011-ci illərdə Azərbaycanda manatın məzənnəsinin müəyyənləşdirilməsi üçün bivalyutalı səbətdən istifadə edilib.

Bunu Oxu.az saytına istinadən Azərbaycan Dövlət Televiziyasına (AzTV) müsahibəsində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Elman Rüstəmov deyib ki, həmin dövrdə bivalyutalı səbətdən istifadə daha çevik məzənnə siyasəti həyata keçirməyə imkan verib.

“O dövrdə neftin qiyməti yüksək olduğu bir şəraitdə bu, balansdan irəli gələn tədbir idi. Manatın məzənnəsinin möhkəmlənməsinə böyük təzyiq var idi. Manat dollara münasibətdə əhəmiyyətli dərəcədə bahalaşırdı. Biz o dövrdə səbətdə avrodan imtina etməsə idik manatın məzənnəsi daha yüksək olardı. Bunun üstün tərəfləri olsa da (inflyasiyanın azalması), ölkənin ixrac potensialına təsiri mənfidir”, – deyə, o, bildirib.

E.Rüstəmov bildirib ki, hazırkı dövrdə avro dollara qarşı ucuzlaşır:

“Bizim məzənnəmiz dollara sərt olaraq bağlandığı üçün dolların avroya qarşı bahalaşması manata da ötürülür və manat avroya qarşı bahalaşır. Ümumiyyətlə manatın məzənnəsi üzən rejimdədir. Biz dollara bağlıyıq. Dollar isə başqa məzənnələrə nisbətdə üzən rejimdədir. Bu ötürücülük ona gətirib çıxarır ki, avro manata nisbətdə ucuzlaşır. Avropa bizim əsas ticarət tərəfdaşlarımızdan biridir və bu, bizim iqtisadi perspektivlərimizə təsir göstərə bilər.

Belə olan şəraitdə manatın dollardan asılılığını azaltmaq üçün avronu bərpa etdik. Lakin səbətdə avronun payı o qədər də yüksək deyil. Bivalyutalı səbət bizim məzənnə siyasətimizə məlum çeviklik, bazar elementləri gətirir.  Manatın zəifləməsi üçün fundamental amil yoxdur. Əgər iqtisadi nəzəriyyə yaxud praktikaya müraciət etsək, milli valyutanın ucuzlaşması iki halda baş verir:

1. Ölkənin ödəmə balansında defisit varsa, milli valyutanın zəifləməsi bütövlükdə idxalatın azalmasına gətirib çıxarır və beləliklə, bahalaşma baş verir.

2. Ölkənin xroniki ödəmə balansı şəraitində heç bir ehtiyatı yoxdur.

Lakin biz deməliyik ki, bu gün Azərbaycanın ÜDM-in 70%-ə yaxın səviyyədə, dövriyyədə olan manat həcminin isə 2,5 qatı qədər ehtiyatı var.

Yuxarıda sadalanan şərtlərin heç biri Azərbaycanda yoxdur. Bunagörə də, manatın zəifləməsi üçün heç bir amil yoxdur”.

Elman Rüstəmov manatın məzənnəsinin müəyyənləşdirilməsində bivalyutalı səbətə keçidin nəticələrindən də danışıb:

“Bu, manatın məzənnəsinə müəyyən çeviklik gətirib. Dəyişikliklərə baxsanız, bu rəqəmlər qəpiyin yüzdə biri səviyyəsindədir. Buna görə narahat olmağa dəyməz.

Bir çox dövlətlər öz milli valyutalarını kəskin şəkildə devalvasiya etdilər. Azərbaycan dövləti devalvasiya etməyi düşünmür. Bunun üçün heç bir səbəb yoxdur. Bu, əhalinin banklardakı əmanətləri, biznesin maraqlarına zidd olardı. Və biz bu addımı atmadıq və birmənalı olaraq deyirəm ki, belə bir şey düşünülmür”.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.