Büdcə kəsirinin maliyyələşmə strukturunda vahid xəzinə hesabı qalığının əsas paya sahib olması makroiqtisadi və inflyasiya hədəflərinə nail olmağa mane ola bilər.
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
“2022-ci il dövlət büdcəsi layihəsinə Mərkəzi Bankın yeganə qeydi büdcə kəsiri və onun maliyyələşməsi strukturu ilə bağlıdır. Nəzərdə tutulan büdcə kəsirinin 40%-dən yuxarısının vahid xəzinə hesabının qalığı hesabına maliyyələşməsi proqnozlaşdırılan makroiqtisadi hədəflərə və ilk növbədə inflyasiya hədəflərinə nail olmağa mane ola bilər”, – AMB sədri bildirib.
Qeyd edək ki, 2022-ci ildə 3,063 mlrd. manat həcmində proqnozlaşdırılan dövlət büdcəsinin kəsirinin 41%-inin vahid xəzinə hesabının qalığının hesabına, 35,9%-inin xarici və daxili borclanma, 19,4%-inin imzalanmış layihələr üzrə cəlb edilən kreditlər hesabına, 3,7%-ini isə Özəlləşdirilmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, sonuncu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında E. Rüstəmov bildirib ki, gələn il ortaillik inflyasiya 5,6% səviyyəsində proqnozlaşdırılır.