Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycanda fəaliyyət göstərən həyat sığorta şirkətləri ilə çirkli pulların yuyulmasına qarşı tədbirlərə başlayıb.
Bu barədə AMB-dən bildirilib.
Qeyd olunub ki, 9 iyun 2022-ci il tarixində həyat sığortası sahəsi üzrə ölkədə fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətlərinin rəhbərləri ilə Mərkəzi Bankda keçirilmiş görüşün əsas məqsədi, bu təşkilatlar tərəfindən çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən fəaliyyətləri müzakirə etmək, praktiki məsələlər və tətbiq edilən yanaşmalar ətrafında qarşılıqlı fikir mübadiləsini aparmaqdan ibarət olub. Mərkəzi Bank, sözügedən istiqamətlərdə aidiyyəti monitorinq iştirakçıları ilə, o cümlədən həyat sığortası sahəsi üzrə fəaliyyət göstərən şirkətlərlə davamlı iş aparır.
Qurumdan əlavə ediblər ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda monitorinq iştirakçılarına, o cümlədən sığorta şirkətlərinə münasibətdə aidiyyəti tələblər nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair” Tələblər ilə də müvafiq sahədə həyata keçirilməli olan tədbirlər müəyyən edilib.