Azərbaycan Mərkəzi Bankı və Visa Beynəlxalq Xidmət Assosiasiyası arasında “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanmışdır. Bu barədə Banker.az-a daxil olan məlumatda deyirlir.
Memorandum çərçivəsində elektron ticarət, mobil ödənişlərin inkişafı, iqtisadiyyatın ayrı-ayrı sahələrində müasir ödəniş alətlərindən istifadə imkanlarının yaradılması və maliyyə savadlığı sahəsində birgə əməkdaşlıq fəaliyyətinin təşkili üzrə razılığa gəlinib. Eyni zamanda iki təşkilat tərəfindən 2020-ci ilin sonuna qədər nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Bakı və regionlarda birgə lotereyanın keçirilməsi, nağdsız ödənişlərin təbliğatı, müasir ödəniş həllərinin təşviqi və cari vəziyyətin qiymətləndirilməsi üzrə təhlillərin aparılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Mərkəzi Bank ölkədə elektron bankçılıq və rəqəmsal ödənişlərin inkişafı və innovativ maliyyə texnologiyalarının ölkəmizdə tətbiqi üzrə verilən təşəbbüsləri davamlı olaraq dəstəkləyir və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasını daim diqqət mərkəzində saxlayır.
Xatırladaq ki, AMB 25 may tarixində “Mastercard” la da eyni memarandumu imzalamışdı.