14 C
Baku
Thursday, March 28, 2024

AMB: “Xarici amillər inflyasiya üçün daha böyük təhdid potensialı daşıyır”

Faktiki inflyasiya hədəf diapozonunun ortasından aşağıda qalır, qısamüddətli inflyasiya gözləntilərinin dinamikasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Yenilənmiş proqnozlara görə 2019-cu ilin sonuna inflyasiya dəhlizin orta səviyyəsindən bir qədər yuxarı olmaqla hədəf diapazonu (4±2%) daxilində qalacaqdır.

Risklər balansının təhlili göstərir ki, xarici amillər daxili amillərə nisbətən orta müddətli perspektivdə inflyasiya üçün daha böyük təhdid potensialı daşıyır. Xarici amillərə başlıca olaraq qlobal ticarət və valyuta sferalarında olan gərginliklər, qlobal artım perspektivlərinin pisləşdiyi şəraitdə dünya əmtəə bazarlarında dəyişkənliyin artması aiddir. Mərkəzi Bank bu risklərin monitorinqini davam etdirəcək və inflyasiyanı hədəfdə saxlamaq üçün sərəncamındakı alətlərdən adekvat istifadə edəcəkdir.

Faiz dəhlizinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfə uyğunluğu, daxili və xarici risklərin reallaşmasının inflyasiyaya təsirindən  asılı olaraq veriləcəkdir.  

İnflyasiyanın dinamikası. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən müddətdə qiymətlərin artım tempi azalmış, rəsmi statistikaya görə avqustda illik inflyasiya 2.4% təşkil etmişdir. İnflyasiya komponentlərindən olan ərzaq qiymətləri (4.7%) ümumi inflyasiya səviyyəsini üstələyir, qeyri-ərzaq (1.2%) və xidmətlər isə (0.1%) ümumi inflyasiya hədəfi diapazonunun mərkəzindən aşağıda qalır. Ərzaq qiymətlərinin artım dinamikası qiymətlərə yüksək ötürücülüyü olan dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşmasından təsirlənir. Bütövlükdə həm ümumi inflyasiya, həm də onun komponentləri hədəf diapozonu daxilində formalaşır.  

Məcmu tələbin əsas komponenti olan istehlakın canlanması və dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşması şəraitində monetar şərait, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik və mövsümi faktorlar inflyasiya proseslərinə stabilləşdirici təsir edir.

Real sektorun monitorinqinin nəticələrinə əsasən avqustda qiymət gözləntilərində ticarət, xidmət və tikinti sektorlarında azalma, qeyri-neft emal sənayesində isə artım müşahidə olunmuşdur.

Məcmu tələbin əsas komponentlərindən olan fiskal xərclərin artması və istehlakın genişlənməsi meyilləri şəraitində 2019-cu ilin sonuna inflyasiyanın hədəf intervalında (4±2%) formalaşacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə inflyasiya səviyyəsi xarici və daxili risklərin reallaşması miqyasından asılı olacaqdır.

Son xəbərlər
Digər xəbərlər