14 C
Baku
Sunday, November 24, 2024

Amerika iqtisadiyyatı yenə də köhnə vərdişlərinə qayıdır

Borc götürmə həddi böhrandan əvvəlki həddə çatmışdır

ABŞ-ın məişət təsərrüfatı və özəl sektoru yenə də ənənəvi həyat tərzinə geri dönür –borc götürmə həddi 7 trilyon dolları üstələyir ki, bu da təqribən böhrandan öncəki rəqəmlər ilə müqayisə oluna bilər. 

Ekspertlər əhalinin məşğulluq səviyyəsi ilə bağlı müsbət statistikanı, vaxtı gecikdirilmiş borcların səviyyəsinin aşağı olmasını və daşınmaz əmlakın qiymətlərinin asta-asta lakin, sağlam addımlarla qalxmasını əsas faktorlar kimi qeyd edirlər. Kreditləşmənin artması tezliklə istehlakçı tələbatını artıracaq, bu da öz növbəsində ilin ikinci maliyyə rübündə zəifləyərək 1,5%-ə düşmüş ÜDM-in artım tempinə təkan verəcək.

Kommersiya bankları tərəfindən verilən biznes və əhalinin istifadəsi üçün nəzərdə tutulan kreditlərin həcmi, Federal Ehtiyatlar Sisteminin məlumatına əsasən iyulun 25-nə qədər artaraq, $7,107  trilyon dollara çatıb, o cümlədən də bu məbləğin $ 1,109 trilyon dollarını istehlak kreditləri əhatə edib. Xatırladaq ki, ən az kredit verilməsi 2009-cu ilin üçüncü rübündə müşahidə olunub. Eyni zamanda isə pik göstərici keçən il qeydə alınıb, bu rəqəm 7,2 trilyon dollar təşkil edib. Ekspertlər qeyd edir ki, «43 ay davam edən son dərəcə aşağı faiz dərəcələri nəhayət ki real iqtisadiyyat sektorunda öz əksini tapır». Borcların verilməsi şərtləri, xüsusi ilə də ipoteka və avtomobil kreditlərinin faiz dərəcələri olduqca aşağıdır. Artıma kömək edən digər amillər, böhran sonrakı mərhələdə bankların öz resurslarını çoxaltması və öz balanslarında gecikdirilən borcların həcmini kəskin azaltması olmuşdur.

İstehlakçıların əhval-ruhiyyəsinə gəldikdə isə, bu sahədə ən çox rol oynayan amil əmək bazarından eşidilən xoş xəbərlərdir. Belə ki, ilkin hesablamalara əsasən iyul ayında yeniiş yerlərini sayə 163 min (bir ay öncə isə 64 min) təşkil edib, bu isə stabil məşğulluq səviyyəsini saxlamaq üçün lazım olan göstəricidən 40 min yer daha çoxdur. Lakin əmək bazarının doyması nəticəsində gələcək aylardakı işsizlik səviyyəsi “istehlakçı bumunu” məhdudlaşdıracaq. Daşınmaz əmlak bazarında da asta da olsa stabil artım qeydə alınıb. İyul ayında evlərin qiyməti 1,3% (illik 2,5) bahalaşıb. Gecikdirilmiş ipoteka borcuna görə satılmaq məcburiyyətində qalan girov evlərini nəzərə almasaq  daşınmaz əmlakın satış tempindəki artım 2% (illik 3,2%) təşkil edib.

Özəl sektor tərəfindən alınan borcların həcminin böyüməsi ÜDM-in daha yüksək artım templərinə qayıtmaq imkanı verəcək, belə ki, ikinci rüb ərzində bu temp 1,5% enib» – ITG Investment Research Inc şirkətindən Stiven Blits Bloommerg agentliyinə bildirib. «Banklar borc verir, əhali kredit götürür, evlərin qiyməti qalxır və bütün bunların sayəsində adama elə bir hiss gəlir ki, sanki həyat öz axarına qayıdır və hər şey yoluna düşür» -ekspert sonda qeyd edib.

Son xəbərlər
Digər xəbərlər